Sumqayıt Gənclər kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar dəyirmi masa keçirilib. Kitabxananın müdiri Sona Eminova, Tarixi Araşdırmalar Qurumunun rəhbəri Ramin Əlizadə, Sumqayıt Dövlət Universitetinin müəllimi Əli Rzazadə və digər çıxış edənlər 1918-ci ilin mart qırğınları, ondan öncə və sonra xalqımıza qarşı həyata keçirilən qətliamlar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə bu hadisələrə siyasi qiymət verilməsi barədə danışıblar. Bildirilib ki, həmin fərmana əsasən, 31 mart Azərbaycanlıların soyqırımı günü elan olunub. Mart soyqırımının tarixi və səbəbləri barədə müzakirələr aparılıb.
* * *
Qubadlı Rayon Mədəniyyət və Turizm Şöbəsində Mərkəzi kitabxana, Mahmudlu kənd mədəniyyət evi, Mahmudlu kənd orta məktəbi ilə birlikdə 31 mart - Azərbaycanlıların soyqrımı günü ilə bağlı dəyirmi masa keçirilib. İştirakçılar əvvəlcə Mərkəzi kitabxananın təşkil etdiyi kitab sərgisinə baxıblar.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Əhmədov, MKS-nin direktoru Müşgünaz Muradova, məsləhətçi Eldar Hüseynov, Mahmudlu kənd orta məktəbinin direktoru Mahir Sarıyev mart soyqırımının tarixindən söz açıblar. Məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
* * *
Goranboy rayon Mərkəzi kitabxanasında da mövzu ilə bağlı dəyirmi masa təşkil olunub. Tədbirdə oxu zalının müdiri Sevda Əliyeva, 1 saylı Sənətkarlıq klubunun müdiri Nazilə Kazımova, metodist Vüsalə Aslanova, Abonement bölməsinin müdiri Səidə Abdullayeva, rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Rahilə Əhmədova çıxış ediblər. İştirakçılar “31 mart - Azərbaycanlıların soyqırımı günü” başlıqlı sərgi ilə tanış olublar.