Ağcabədi rayon Mərkəzi kitabxanasında və kənd kitabxana filiallarında yaşlı və əlil insanlar üçün mütəmadi olaraq səyyar kitabxana xidmətləri göstərilir.
Bugünlərdə kitabxananın işçiləri Veteranlar evində səyyar kitabxana xidməti təşkil ediblər. Xidmət şöbəsinin müdiri Nəzakət Məmmədova veteranlara kitablar haqqında məlumat verib, kitab seçməkdə onlara yardımçı olub. Veteran M.Musayev çıxış edərək belə bir xidmətin təşkilinə görə təşəkkürünü bildirib.
* * *
Astara rayon Mərkəzi kitabxanasında II Dünya müharibəsində faşizm üzərində Qələbənin 71 illiyinə həsr olunmuş "Qəhrəmanların şanlı döyüş yolu" adlı tədbir keçirilib. MKS-nin direktoru Tural Eyvazov, kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova və başqaları çıxış ediblər. Müharibə veteranı Salman Məmmədov cəbhə xatirələrini danışıb.
Çıxışlarda faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolu, respublikamızdan 300 minə yaxın insanın bu müharibədə həlak olduğu bir daha diqqətə çatdırılıb.