Veteran! İllərdir onu bu adla tanıyırlar. O, azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyada 1942-ci ildən 1945-ci ilədək Mozdokdan Macarıstana qədər döyüş yolu keçmiş həmyerlimiz Zülfəli Əliyevdir. 1945-ci ilin yanvarında şiddətli döyüşlərin birində ağır yaralanıb və sağ qolunu itirib.
Ömrünün 94-cü ilinə adlayan Z.Əliyev 223-cü atıcı diviziyanın sağ qalmış yeganə üzvüdür. O günləri indi də həyəcan və fəxrlə xatırlayır. Uzun illər rayon Əmək və Müharibə Veteranları Şurasının sədri işləyən Z.Əliyev Tarix-Diyarşünaslıq Muzeyi ilə daim əlaqə saxlayır, tədbirlərimizdə yaxından iştirak edir. Muzeyimizdə Böyük Vətən müharibəsinə həsr edilmiş guşənin yeni eksponatlarla zənginləşməsinə köməklik göstərib. Dəfələrlə döyüşdüyü Ukrayna torpağına görüşlərə dəvət alıb, ona müharibə illərini əks etdirən müxtəlif hədiyyələr təqdim edilib. Bu hədiyyələrdən bir qismi muzeyimizin ekspozisiyasında nümayiş olunur.
Z.Əliyevin həyatı və döyüş yolu Azərbaycan gəncləri üçün bir örnəkdir. Onun həyat salnaməsindən bəhs edən “Xəzərdən Dunayadək” sənədli filminin Sabirabadda təqdimatı keçirilib. Faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Zülfəli Əliyevi təbrik edir, ona cansağlığı arzulayırıq.

Şükufə Əsgərova
Sabirabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi