Bölgələrdə ənənəvi kitab şöləni davam edir

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il may ayında ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə ənənəvi kitab bayramları keçirilir. Bu ildə yerlərdə kitab sərgiləri, sözlü-musiqili tədbirlər təşkil olunur.

Tərtər rayon mərkəzində Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ənənəvi kitab bayramı keçirilib. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında açıq səma altında təşkil olunmuş kitab və məktəblilərin əl işlərindən ibarət “Bacarıqlı əllər” sərgiləri ilə tanış olublar. Ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.
* * *
Masallıdakı Heydər Əliyev parkında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir və Mərkəzi kitabxananın təşkilatçılığı ilə kitab bayramı keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxış edərək ümummilli liderin Azərbaycan tarixində misilsiz xidmətlərindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən söhbət açıb. Masallı Dövlət Regional Kolleci tələbələrinin ifasında ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.
* * *
Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayon MKS və Mədəniyyət evinin birgə təşkilatçılığı ilə gerçəkləşən kitab bayramında iştirakçılar əvvəlcə “Heydər Əliyev və kitabxana işi” mövzusunda sərgiyə baxıblar. MKS-nin direktoru Müşgünaz Muradova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Əhmədov ulu öndərin Azərbaycan mədəniyyətinə diqqət və qayğısından söz açıblar. Qubadlı rayon Mahmudlu kənd mədəniyyət evinin qiraət üzvləri ulu öndərə həsr edilmiş şeirlər söyləyiblər.
* * *
Abşeron rayon MKS-nin təşkil etdiyi kitab sərgisində Mərkəzi kitabxananın fondunda olan və bütün şöbələri əhatə edən kitab nüsxələrindən nümunələr əksini tapıb. Şairlərdən AYB-nin Abşeron bölməsinin sədri Şəhla Ağbulud, Yusif Hüseyn, Hafiz Rüstəm, Sənan Çıraq, Nurəddin Mirzəxanlı, Məlahət Yusifqızı, Xaliq Laçınlı, Günay Ümid, Familə Fərmanqızı, Məmməd Kərəm, Eyvaz Məmmədoğlu, Bəydadaş Cəfərli və başqaları ulu öndərə və Vətənə həsr etdikləri şeirlərini oxuyublar.
* * *
Astara rayon mərkəzindəki Heydər Əliyev parkında təşkil olunan kitab bayramında müxtəlif mövzulu kitabların və tətbiqi sənət ustalarının əl işlərinin sərgisi açılıb. Sərgidə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlərə geniş yer verilib. Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, ictimaiyyət nümayəndələri, mədəniyyət və təhsil işçiləri, məktəblilər qatılıb. MKS-nin direktoru Tural Eyvazov ayrı-ayrı bölmələrdə nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat verib, kitabın tükənməz sərvət olduğunu qeyd edib.
* * *
Zərdab rayonunda Heydər Əliyev adına parkda keçirilən kitab bayramında 200 adda 1200 nüsxədən çox kitab nümayiş olunub. Fəal oxucuların ifasında ulu öndərə həsr olunmuş şeirlər və bu dahi insan haqqında müdrik kəlamlar maraqla qarşılanıb. Əl işlərindən ibarət sərgi və divar qəzetləri iştirakçılarda zəngin təəssürat yaradıb.
* * *
Mingəçevir şəhərindəki Sahil parkında təşkil olunan kitab bayramında ulu öndərin həyat və fəaliyyətinə, Mingəçevirin tarixinə və bugününə dair nəşrlərdən ibarət sərgi nümayiş etdirilib. Fəal oxucular ümummilli liderə, Vətənə həsr olunmuş, kitaba, mütaliəyə dair şeirlər söyləyiblər, kompozisiya və səhnəciklər təqdim olunub.
* * *
Cəlilabad rayon MKS-nin təşkilatçılığı ilə Heydər Əliyev adına Yaradıcılıq mərkəzində ulu öndərin doğum gününə həsr olunmuş “Kitabla birlikdə” adlı tədbir keçirilib. Müxtəlif mövzulara həsr edilmiş kitab sərgilərində 1000 nüsxədən çox müxtəlif mövzularda kitab nümayiş olunub. Heydər Əliyevə və vətənpərvərlik mövzusuna həsr edilmiş şeirlər söylənilib, mahnılar oxunub, səhnəciklər göstərilib.
* * *
Hacıqabul rayon mərkəzindəki Heydər Əliyev adına parkda təşkil olunan kitab bayramında rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, idarə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. MKS-nin fonduna daxil olan klassik və müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, uşaq ədəbiyyatından nümunələrin əks olunduğu sərgilər, uşaqlar üçün təşkil olunmuş “Nağıl otağı” iştirakçılarda böyük maraq doğurub. Əllərində üçrəngli bayraqların dalğalandığı şagirdlər şeirlər söyləyiblər. Vətənpərvərlik mövzusuna həsr olunmuş ”Ana yurdum cəlalımdır, canımdır” şeir müsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.