Daha bir neçə şəhər və rayonda ənənəvi kitab bayramı keçirilib

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi və S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Nizami Gəncəvi adına Kitabxana-klubda “Sən də bir kitab oxu!” şüarı altında kitab bayramı keçirilib.
Balaca oxucular üçün hazırlanmış tamaşalar, əyləncəli viktorinalar, Azərbaycan və dünya xalq nağılları əsasında ucadan oxu maraqla qarşılanıb. Kitabxana-klubun rəsm dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda rəsm əsərləri, “Dostluq” mədəniyyət evinin dram dərnəyi üzvlərinin, Mərkəzi kitabxananın Uşaq şöbəsi və Mərkəzi uşaq kitabxanası oxucularının ifasında səhnəciklər təqdim olunub.
Fəal oxucular Mədəniyyət və Turizm İdarəsinin, Mərkəzi kitabxananın fəxri fərmanları ilə təltif olunublar.
* * *
Samux rayon MKS-də kitab sərgisi təşkil olunub. Sərgidə nümayiş etdirilən kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlərə geniş yer verilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Mədəniyyət mərkəzinin, təhsil ocaqlarının, bağçaların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
* * *
Neftçala rayon Mərkəzi kitabxanasının həyətində “Bizi vətən çağırır” adlı tədbirdə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı kitablar, vətənpərvərlik mövzusuna həsr olunmuş nəşrlərdən ibarət sərgilər və foto-stendlər nümayiş etdirilib.
Şagirdlər və uşaq bağçasının fidanları vətənpərvər ruhlu şeirlər söyləyib, mahnılar ifa edib, səhnəciklər göstəriblər. 3 saylı orta məktəbin şagirdləri mövzu ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaya görə diplomla təltif olunublar.