Dövlət Akademik Milli Dram Teatrı kollektivinin yeni mövsümdə Norveçə səfəri gözlənilir. Bu barədə teatrın direktoru Maqbet Bünyadov məlumat verib. Sentyabra nəzərdə tutulan səfər çərçivəsində teatr kollektivinin ifasında Henrik İbsenin “Oyuncaq ev” ikihissəli tamaşasının nümayiş etdirilməsi nəzərdə tutulur. M. Bünyadovun sözlərinə görə, Azərbaycandakı Norveç Krallığı səfirliyinin maliyyə dəstəyi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Tahir Tahirov, musiqi tərtibatçısı Səbuhi Məmmədovdur. Tamaşada məşhur Norveç bəstəkarı Edvard Qriqin musiqisindən istifadə olunub. Rollarda Abbas Qəhrəmanov, Sənubər İsgəndərli, Cəfər Namiq Kamal, Mehriban Xanlarova, Füzuli Hüseynov və digər aktyorlar çıxış edəcəklər. Teatr rəhbəri onu da bildirib ki, hazırda milli teatrla Azərbaycanın Belarusdakı səfirliyi ilə sentyabrın sonlarında teatr kollektivinin bu ölkəyə səfəri barədə danışıqlar aparılır. Səfər ərəfəsində teatrın yaradıcı heyətinin ifasında Hüseyn Cavidin “Şeyda” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.