Mədəniyyət və Turizm Nazirliyi ilə Ədliyyə Nazirliyinin birgə işləyib təsdiq etdiyi tədbirlər planına uyğun olaraq respublikanın aparıcı teatr və konsert müəssisələri ayrı-ayrı cəzaçəkmə müəssisələrində görüşlər keçirir, maraqlı tamaşalar göstərir. Plan çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ədliyyə Nazirliyi Penitensiar xidməti tərbiyə işinin təşkili idarəsi ilə birgə növbəti tədbirini ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə 6 saylı cəzaçəkmə müəssisəsində keçirib.
   Teatrın aktyorları məhkumlara Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun «Hekayəti-vəziri-xani-Lənkəran» tamaşasını göstərib. Əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Seyidşah Məmmədov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Lətifə Əliyeva, aktyorlardan İradə Rəşidova, Aydın Dəmirov və Vüsal Mehrəliyevin yer aldığı tamaşa böyük uğurla keçib və gurultulu alqışlarla qarşılanıb.
   Tədbirin sonunda teatrın direktoru Mübariz Həmidovun təşəbbüsü ilə 6 saylı cəzaçəkmə müəssisəsinin kitabxanasına kollektiv adından kitablar hədiyyə olunub.