Mayın 14-də A.M.Şərifzadə adına Aktyor Evində Qusar Dövlət Ləzgi Dram Teatrı «Varlı qadın» ikihissəli satirik komediyasını təqdim etdi. Qeyd edək ki, Əli Əmirlinin sözügedən komediyası indiyədək respublikamızın və bir sıra ölkələrin teatr səhnələrində tamaşaya qoyulub. Teatr əsəri bu il səhnələşdirib.
  
 
   Qusar Dövlət Ləzgi Dram Teatrı 1990-cı illərdə yaradılıb. Maraqlıdır ki, teatrın direktoru Rəhimxan Qaraxanovdan savayı, kollektivin üzvləri arasında ali təhsilli teatr mütəxəssisi yoxdur. Yalnız «Varlı qadın» tamaşasında Həvva Zərlinskaya rolunda çıxış edən Şəhla Atlıxanova Mədəniyyət və İncəsənət Universitetinin qiyabi şöbəsinin tələbəsidir. Bununla belə, tamaşada iştirak edən aktyorların səhnədəki davranışı əyalət teatrı üçün kifayət qədər sərbəst və inandırıcı idi.
   Teatrın yaşamasından ötrü bütün bacarığını səfərbər edən R.Qaraxanov həm aktyor, həm rejissor, həm də tərcüməçi kimi fəaliyyət göstərir. Elə «Varlı qadın» komediyasını ləzgi dilinə də özü tərcümə edib, əsərə quruluş verib və rollardan birini ifa edir. Tamaşanın nümayişi zamanı teatrsevərlərin ruh yüksəkliyini müşahidə etmək olardı.