Məşhur italiyalı rejissor teatrın səhnəsində tamaşa qoyacaq
   
   Fevralın 20-dən 28-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun İtaliyanın Milan şəhərinə səfəri planlaşdırılır. 
   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı İ.İsrafilov Milanda fəaliyyət göstərən “Pikkolo” Teatrının rəhbəri Luka Ronkoni ilə görüşəcək və qarşılıqlı əməkdaşlıqla bağlı bəzi məsələləri müzakirə edəcək.
   Gələn il Luka Ronkoninin Milli Dram Teatrının səhnəsində Covanni Verqanın “Dişi canavar” əsəri əsasında tamaşa hazırlaması nəzərdə tutulub.
   1947-ci ilin mayında yaradılmış “Pikkolo” Teatrı Avropa Teatrları İttifaqının üzvüdür. “Pikkolo” dünyada bu cəmiyyətin üzvü olan cəmi 21 teatrdan biri kimi çox böyük nüfuza malikdir. Luka Ronkoni isə Avropanın ən məşhur rejissorlarındandır.
   * * *
   Milli Dram Teatrı ilə Oleq Tabakovun rəhbərlik etdiyi A.P.Çexov adına Moskva Bədaye Teatrı arasında da əməkdaşlıq münasibətləri qurulub. Bugünlərdə teatrın direktor müavini İqor Popov Bakıda işgüzar səfərdə olub. İki teatr arasında qarşılıqlı razılaşmaya əsasən, Akademik Milli Dram Teatrının iki tamaşası Moskva Bədaye Teatrının səhnəsində nümayiş etdiriləcək. Moskva Bədaye Teatrının iki tamaşası isə Milli Dram Teatrının səhnəsində təqdim olunacaq. Həmçinin may ayında Akademik Milli Dram Teatrının Moskvaya qastrol səfəri reallaşacaq.
   * * *
   Teatrın K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə əlaqələri də genişlənir. Bu günlərdə teatrın direktoru İsrafil İsrafilov K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrının baş müdiri Yekaterina Mazmişvilinin dəvəti ilə Tbilisi şəhərində işgüzar səfərdə olub. Səfərdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Yaxın zamanlarda sözügedən teatrın bədii rəhbəri Levan Çuladzenin Akademik Milli Dram Teatrında tamaşa hazırlaması planlaşdırılır.
   
   G.Abdullayeva