Məktəblilərin iştirakı ilə görüş-diskussiya keçirildi
   
   Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gənc Tamaşaçılar Teatrı və Yasamal rayon 53 saylı orta məktəbin təşkilatçılığı ilə martın 14-də “Biz teatrı sevirik” adlı görüş-diskussiya keçirildi.
   
   53 saylı orta məktəbdə gerçəkləşən tədbirdə məktəblilərin görüşünə Gənc Tamaşaçılar Teatrından yazıçı-dramaturq Əli Əmirlinin «Mən səni sevirəm-MSS» lirik komediyası əsasında hazırlanan tamaşanın yaradıcı heyəti gəlmişdi. Görüş-diskussiyada məktəbin müəllim və şagird kollektivi, kitabxananın əməkdaşları və əsərin müəllifi Əli Əmirli, tamaşanın quruluşçu-rejissoru, Xalq artisti Cənnət Səlimova, redaktoru, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova, ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, truppa müdiri Ələsgər Muradxanlı, tamaşada rol alan bir sıra aktyorlar iştirak etdilər.
   Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açaraq Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğ olunmasında teatrın rolundan danışdı: «Dövlət Gənc Tamaşaçılar Teatrının binası təmirə dayananda yaradıcı kollektiv bizim məktəbin kiçik zalında bir sıra maraqlı tamaşalar təqdim ediblər. Bununla yanaşı, şagirdlərimiz Akademik Milli Dram Teatrı və Rus Dram Teatrında bir sıra tamaşaların tamaşaçısı olublar».
   Tədbirdə məktəbin şagirdləri sözügedən tamaşadan bir parçanı iştirakçılara təqdim etdilər. Şagirdlərdən Lalə Rufullayeva, Xanım Əliyeva, Gülnur Şirvanzadə şeirlər söylədilər. Daha sonra isə yazıçı-dramaturq Əli Əmirli pyesin yaranma tarixçəsindən danışdı: «Mən orta məktəbdə oxuyarkən dram dərnəyinə tamaşada çıxış etmişəm. Düzdür, mənə həvalə olunan rolu çox uğursuz ifa etmişdim. Lakin sonradan teatra bağlandım. “MSS” mənim ilk əsərimdi. Pyesin ilk adı “Ərizə» idi və əsərdə baş verənləri təxminən məktəbdə oxuyarkən yaşamışam. 21 ildən sonra yeni quruluşda tamaşanı işləyərkən zəmanəyə uyğunlaşdırdım. Həyatımız dəyişdiyi kimi, əsərlər də dəyişməlidir. Pyesi yazmaqda məqsədim o idi ki, müəllim adı cəmiyyətdə uca tutulsun. Müəllim həmişə öyrədən və öyrənən olub».
   Rejissor Cənnət Səlimova isə teatrın gənc aktyorlarının istedadından, onların bacarıqlı olmalarından danışdı. Bildirdi ki, məktəbin teatrla sıx əməkdaşlığı şagirdlərin dünyagörüşünün formalaşmasında düzgün istiqamət verir.
   Tamaşada rol alan əməkdar artistlər Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Almaz Mustafayeva, Mehriban Abdullayeva, İrad Rəşidova, Asya Atakişiyeva və başqaları da çıxış edərək, tamaşa haqqında fikirlərini bölüşdülər.
   Şagirdlərin suallarının cavablandırılması ilə davam edən diskussiya F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Nazilə Tahirovanın çıxışı ilə yekunlaşdı. N.Tahirova belə tədbirlərin keçirilməsinin önəmindən danışdı. Bildirdi ki, bu cür layihələr məktəblilərin teatrlara cəlb olunmasına kömək edir.
   
   Gülər