Dekabrın 10-da Çində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin rəhbəri, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

Çin Xalq Respublikasının Sədri bildirib ki, uzun illərdir iki ölkə qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda əlaqələri inkişaf etdirir. Hazırda Çin şirkətləri Azərbaycanda energetika, informasiya-kommunikasiya texnologiyaları sahələrində və digər sahələrdə uğurla fəaliyyət göstərir. Azərbaycanın Avrasiyanın mərkəzində yerləşdiyini vurğulayan Si Cinpin ölkəmizin logistika, beynəlxalq nəqliyyat sistemində yaxşı imkanlarının olduğunu, bu sahədə Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya biləcəyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu səfərin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Dövlət başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər.
Həmin gün Azərbaycan Prezidentinin Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşündə də müxtəlif sahələrdə əməkdaşlıq müzakirə olunub.
Baş nazir ölkəsinin neft-qaz emalı, humanitar, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.
Azərbaycan Prezidenti iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğu diqqətə çatdırılıb.
Rəsmi görüşlərin sonunda sənədlərin imzalanma mərasimi olub. Prezident İlham Əliyev və ÇXR Sədri Si Cinpin “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Azərbaycan və Çin hökumətləri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair anlaşma memorandumu, müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.