Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Əliabbas Qədirovun (1946-2006) 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Əliabbas Qədirov 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. 1970-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyətə başlayan aktyor onlarla tamaşada yaddaqalan, xarakterik, rəngarəng obrazlar qalereyası yaradıb. Sənətkar 2002-2006-cı illərdə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.
Aktyor “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir sıra bədii filmlərdə çəkilib, 1978-ci ildə “Sevinc buxtası” filminə görə Dövlət mükafatı ilə təltif olunub. 1982-ci ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb.