Xarici İşlər Nazirliyi “Wanderlust” jurnalının tərtib etdiyi siyahıya münasibət bildirib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi qeyri-obyektiv siyahıya münasibət bildirib.

Nazirliyin açıqlamasında deyilir ki, jurnalın tərtib etdiyi “Dünyanın ən çətin viza alınan on ölkəsi” siyahısına Azərbaycanın adının daxil edilməsini düzgün və obyektiv hesab etmirik. Jurnalın hansı meyar və məlumat əsasında bu siyahını hazırlaması və Azərbaycanın adını oraya daxil etməsi ciddi sual doğurur.
Jurnalın Azərbaycanda vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olması barədə iddiası tamamilə əsassızdır. Bu, Azərbaycan Respublikasının müvafiq qanunlarına, qoşulduğu ikitərəfli və çoxtərəfli sazişlərə heç bir halda uyğun deyil.
Vurğulanır ki, vizaların rəsmiləşdirilməsi Xarici İşlər Nazirliyi və digər aidiyyəti nazirlik və dövlət qurumlarının cəlb olunduğu “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.
Qanunvericiliyin tələbinə uyğun olaraq, viza sorğularının icrası adi hallarda 10 gün, əlavə araşdırma tələb olunduğu təqdirdə isə 15 gün təşkil edir. Turistlərə verilən elektron viza müraciətlərinə baxılma müddəti 10 təqvim günü, əlavə araşdırma tələb olunmadığı hallarda 5 və ya 7 təqvim günü müddətinə icra olunur. Yəni şənbə və bazar günləri də sənədin icra müddətinə daxildir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron turizm vizalarını Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçmiş turizm şirkətləri vasitəsilə əldə edə bilərlər.
2014-cü il 1 sentyabr tarixindən qüvvəyə minmiş “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişə əsasən, viza ərizələrinə baxılması müddəti 10 təqvim günüdür. Göründüyü kimi, viza müraciətlərə baxılma müddəti qarşılıqlılıq prinsipi əsasında sazişi imzalayan dövlətlərin vətəndaşlarına eyni qaydada tətbiq edilir.
Açıqlamada o da qeyd olunur ki, Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur və sair ölkələrin vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir. Bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir. Bu ölkələrin vətəndaşlarına viza rəsmiləşdirilməsi yerindəcə Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında həyata keçirilir. Eyni şərtlər uzun müddətdir ki, Türkiyə və İsrail vətəndaşlarına münasibətdə də tətbiq olunur.
Vizaların rəsmiləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə birlikdə hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub.