Parisdə Azərbaycan yəhudiləri haqqında kitab nəşr edilib

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allalinin “Qubanın 12 daşı” kitabı nəşr edilib. Müəllif kitabda ölkəmizdə hökm sürən tolerantlıq mühitindən, Quba və Oğuz rayonlarında yaşayan dağ yəhudilərindən söhbət açır. Hadisələr Quba rayonunda sinaqoqun yaxınlığında arxeoloji qazıntı zamanı aşkar olunan 12 daş sütunun üzərində həkk olunan qədim yazılar ətrafında cərəyan edir.
Bakıda, eləcə də Quba və Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatını əks etdirən “Şalom, Baku” sənədli filminin məsləhətçisi Jan-Pyer Allali 30-a qədər kitabın müəllifidir. “Qubanın 12 daşı” kitabının Parisdə təqdimatı təşkil olunacaq.