Malayziya qəzetində məqalə dərc olunub

Malayziyada yerli malay dilində nəşr olunan “Mingguan Malaysia” (“Həftəlik Malayziya”) qəzetinin növbəti buraxılışında Azərbaycana həsr edilən yazı dərc edilib. Bu barədə Azərbaycanın Malayziyadakı səfirliyindən məlumat verilib. “Azərbaycanın birinci xanımının mədəniyyət və incəsənətə verdiyi töhfə” başlıqlı məqalədə ölkəmizin mədəni mühitində baş verən inkişafdan söz açılır, Azərbaycanda tarixi və mədəni ənənələrinin qorunmasına diqqət və qayğıdan bəhs edilir. Yazıda teatr sənətimizin inkişafından da söz açılır, bildirilir ki, ölkədə 26 teatr, o cümlədən Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərlərinin tamaşaya qoyulduğu Opera və Balet Teatrı fəaliyyət göstərir.
Məqalədə qeyd olunur ki, ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən mədəni irsin qorunması istiqamətində böyük layihələr həyata keçirilir. Birinci xanımın 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Fransada Luvr Muzeyi, Versal Sarayının bərpasında iştirakı diqqətə çatdırılır. Azərbaycan incəsənətinin dünyada tanıdılmasında Mehriban xanımının xüsusi əməyinin olduğu, onun 2004-cü ildə UNESCO-nun və 2006-cı ildə isə İSESCO-nun xoşməramlı səfiri tituluna, həmçinin 2005-ci ildə “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninə, 2010-cu ildə UNESCO-nun “Qızıl Mosart” medalına və digər təltiflərə layiq görüldüyü qeyd edilir.
Məqalənin sonunda Azərbaycanın birinci xanımının qəlbinin bir hissəsinin hər zaman xeyriyyəçiliklə döyündüyü, onun fəaliyyətinin dünyanın digər ölkələrinin bütün birinci xanımlarına örnək olduğu vurğulanır.