Azərbaycan teatrı - 140
   
   Azərbaycan peşəkar milli teatrının 140 illiyinin qeyd olunduğu bu günlərdə Arazın o tayına, ötən əsrin birinci yarısında Təbrizdə fəaliyyət göstərmiş dram teatrının tarixinə nəzər salmaq istərdik...
   
   Cənubi Azərbaycanda teatr tamaşalarının göstərilməsi ötən yüzilliyin əvvəllərinə təsadüf edir. Bu da daha çox Bakı mühitində fəaliyyət göstərən teatr truppalarının Cənubi Azərbaycana qastrolları sayəsində mümkün olub. Bu qastrol səfərlərində teatr truppalarını Sidqi Ruhulla, Mirzağa Əliyev, Cəlil bəy Bağdadbəyov, Abbasmirzə Şərifzadə, Tiflisdən Mirzəli Abbasov, Məmmədtağı Əsgərov, İbrahim İsfahanlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov, Əşrəf Yüzbaşov və başqaları təmsil edib. Onlar müəyyən dəstələrlə ayrı-ayrı vaxtlarda Tehran, Təbriz, Rəşt, Ənzəli, Qəzvin, Xoy, Maku, Urmiya, Culfa, Ərdəbil və digər şəhərlərdə yerli həvəskarları da cəlb etməklə Azərbaycan dilində tamaşalar göstəriblər.
   Təbriz teatrının yaranma tarixi də bu dövrə təsadüf edib. Şəhərdə teatr həvəskarlarından Mehdi xan Şəfizadə, Həsən Çörəkçi, doktor Rəhim xan, Ələkbər Bəradərən və Ələkbər xan başda olmaqla on iki nəfər “Xəyanət” (1908) adlı bir tamaşa göstərirlər.
   1909-cu ildə böyük teatr sənətçisi Sidqi Ruhulla Təbrizə qastrola gəlir. Yerli ziyalılar və teatr həvəskarları ilə birlikdə bir neçə tamaşa hazırlayır. İlk tamaşa Hüseynqulu Sarabskinin “Cəhalət” əsəri olur. Bu əsər fransız katoliklərinin klubunda göstərilir. Bundan sonra Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsi nümayiş olunur. Tamaşa “Bağ-meşə qapısı” adlanan məhəllədə yan-yana sıralanan dükanların üstündəki böyük otaqda oynanılır. Bundan əlavə, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Jan Batist Molyerin “Zorən təbib” əsərləri də tamaşaya qoyulur. Bu qastrollar tədricən öz nəticəsini verir. Təbrizdə yerli ziyalılar tərəfindən teatr sənətinə daha böyük maraq yaranır.
   1910-1919-cu illər ərzində ayrı-ayrı sənətkarlar tərəfindən İrana təşkil olunan qastrollarda əsasən Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və Nəriman Nərimanovun faciə və komediyaları, Sultanməcid Qənizadə, Mirmahmud Kazımovski, Hüseynqulu Sarabskinin kiçik həcmli ibrətamiz məzhəkələri və Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun opera və operettaları oynanılır. Bu barədə sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatr tarixi” kitabında dəyərli məlumatlar yer alıb.
   1920-ci ildə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə Təbrizdə ilk teatr binası - “Xeyriyyə teatrı” tikilir. Bu teatrın səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi tamaşaya (1 may 1921-ci il) qoyulur. Eyni zamanda Azərbaycan türklərinin təşəbbüsü ilə Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları səhnələşdirilir.
   1928-ci ildə Təbrizdə 700 yerlik daha bir “Şiri Xorşid” teatrı istifadəyə verilir. Lakin onun səhnəsində əsasən yerli müəlliflərin fars dilində bədii cəhətdən zəif əsərləri tamaşaya qoyulur.
   1930-cu ildə Bakı və Tiflis teatrlarında rejissorluq və aktyorluq edən Mirseyfəddin Kirmanşahlı İrana gəlir. Üç il ərzində Tehran və Təbrizdə müxtəlif teatr kollektivlərində rejissorluq edir. Təbriz teatrında peşəkarlıq səviyyəsinin formalaşması üçün səy göstərir. Rza Quluzadə Şərqli və Rza Vaizzadə bu teatrın inkişafında xüsusilə böyük zəhmət çəkirlər. Teatr dəstələrində Rza Şərqlinin “Mirzə Rza Kirmani”, “Cinayət”, “Börkün bəlası”, “Quqquluqu”, “Dəlilər yurdu”, “Pul, yoxsa xəyanət” (“Xəyanət və vəfa”), Rza Vaizzadənin “Cəhalət qurbanı”, “Tükənməz xəzinə”, Mirzə Cabbar Əsgərzadənin “Noi bəşər”, “Çadramın mühəssənatı”, “Müəllimlər həyatı”, Abdulla Fərivərin “Bəhram Çubinə”, Hilal Nasirinin “Mirzə Tağıxan Əmir Kəbir” pyesləri əsasında maraqlı tamaşalar hazırlanır.
   Professor İlham Rəhimli “Azərbaycan teatr tarixi” kitabında yazır ki, 1941-ci ildə Təbrizdə ”Azərbaycan cəmiyyəti” qurulur. Eyni zamanda teatr truppası yaranır. Truppanın tamaşaçılara təqdim etdiyi ilk tamaşa Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsi olur. İranda ezamiyyətdə olan rejissor Şəmsi Bədəlbəyli truppa ilə sıx yaradıcılıq əlaqəsi saxlayır, bir neçə əsərə quruluş verir.
   Azərbaycan Dövlət Opera və Balet Teatrı 1941-ci il oktyabrın əvvəlindən dekabradək Təbrizdə qastrol səfərində olur. Teatrın maraqlı repertuarla çıxışı şəhərin teatr həyatında möhtəşəm canlanma yaradır. Az sonra ziyalıların cəm olduqları “Azərbaycan cəmiyyəti”nin təşəbbüsü ilə Təbrizdə “Azərbaycan aktyorları heyəti” yaradılır. Təbrizdə çıxan “Azərbaycan” qəzeti teatr prosesini canlandırmaq və pərakəndə qüvvələri bir yerə cəmləmək məqsədilə on bir nəfərdən ibarət müdiriyyət heyəti təyin edir. Teatr sənətinə təzə gələn həvəskar aktyorları seçmək üçün isə doqquz nəfərdən ibarət komissiya təşkil edilir...
   1940-1946-cı illərdə Tehran şəhərində azərbaycanlı teatr fədailəri “Fərhəng-e sinema”, “Honər”, “Şiri Xurşid” teatr binalarında tamaşalar göstəriblər. Repertuarda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, Üzeyir Hacıbəylinin operetta və operaları, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun kiçik həcmli məzhəkələri əsas yer tutub.
   1945-ci il dekabrın 12-də Təbrizdə Azərbaycan milli hökumətinin qurulması Təbriz teatrının inkişafında yeni bir dövr açır. Təbriz Dövlət Dram Teatrı yaradılır. Kollektivin əsasını müxtəlif truppaların həvəskar aktyorları təşkil edir. 8 mart 1946-cı ildə teatrın təntənəli açılışı olur, sənət ocağı Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin tamaşası ilə fəaliyyətə başlayır.
   Lakin 1946-cı ilin dekabrında Cənubi Azərbaycan milli hökuməti süqut ilə etdikdən sonra Təbriz Dövlət Dram Teatrı bağlanır...
   
   Savalan Fərəcov