Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm” martın 17-dən 24-dək İsveçrədə, Bazel dünya sərgisinin (Basel World) B30-32 stendində (Hall of Discovery) öz unikal kolleksiyasını nümayiş etdirəcək. Bu il “Resm” “Azərbaycan xəritəsi - tarixin çarxları” adlı kolleksiyasını təqdim edəcək.
Artıq bir neçə ildir ki, İsveçrənin Bazel şəhərində keçirilən sərgi-yarmarka dünyada saatsazlıq və zərgərlik sənayesinin ən əhəmiyyətli və ən genişmiqyaslı tədbirlərindən biri sayılır. 45 ölkədən 2100-dən çox sərgi iştirakçısı dünyanın tanınmış saat və zinət əşyaları istehsalçılarını, habelə qiymətli daşlar üzrə ixtisaslaşan şirkətləri təmsil edirlər. Hər il sərgini 100 mindən artıq qonaq ziyarət edir.
“Resm”in zərgərlik məmulatları qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. Bu nümunələr sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyətinə, ənənələrinə və milli ruhuna bağlıdır. “Resm”in bütün məmulatları, dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumat verən fərdi təsvirlərlə təchiz olunur. Məmulatlar 14/18 karat qızıldan və qiymətli daşlardan istifadə etməklə hazırlanır. Kişilər üçün nəzərdə tutulan əşyalar, həmçinin ən yüksək keyfiyyətli gümüşdən də hazırlanır.
“Resm”in Azərbaycandakı satış şəbəkəsi Bakı şəhərində (28 May küçəsi, 46E) yerləşən bir mağaza və Heydər Əliyev adına Beynəlxalq Hava Limanının rüsumsuz (Duty Free) sahəsində yerləşən iki satış məntəqəsindən ibarətdir.