Prezident İlham Əliyev martın 16-da Xalq artisti, respublika Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın (1916-2004) 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, milli teatr və kino sənətinin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Xalq artisti Nəsibə Zeynalovanın 100 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.