Xəbər verildiyi ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşəbbüsü ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında Qazaxıstanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Erkeqali Raxmadiyevin “Alpamıs” operası böyük müvəffəqiyyətlə səhnəyə qoyulmuşdu.
Opera və Balet Teatrının mətbuat xidmətindən bildiriblər ki, bu layihənin davamı olaraq tamaşa mayın 17-də Qazaxıstanın paytaxtı Astanada nümayiş olunacaq.
Tamaşada iştirak etmək üçün TÜRKSOY-un rəhbərliyi tərəfindən Opera və Balet Teatrının bir qrup sənətçisi Astanaya dəvət olunub. Onlar “Alpamıs” operasının tamaşasında əsas partiyaları ifa edəcəklər.
Səhnə əsərində azərbaycanlı sənətçilərlə yanaşı, Astana Dövlət Operasının orkestri və xoru da iştirak edəcək. Orkestri istedadlı dirijor, beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.