İyunun 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Don Karlos” operasının konsert ifasında premyerası olacaq. Əsər Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur. Dahi bəstəkarın ən gözəl operalarından biri olan “Don Karlos” görkəmli alman şairi və dramaturqu Fridrix Şillerin “Don Karlos, ispaniyalı infant” dramı əsasında qələmə alınıb.
Operanın ilk tamaşası 1867-ci ildə Parisdə gerçəkləşib və həmin vaxtdan əsər dünyanın opera teatrlarında müvəfəqiyyətlə səhnəyə qoyulur.
Bakı premyerasında əsas partiyaları əməkdar artistlər Əkrəm Poladov (II Filipp), Fəridə Məmmədova (Yelizaveta Valua), Səbinə Əsədova (Şahzadə Eboli) ifa edəcəklər. Don Karlos partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunub. Premyerada həmçinin Anton Ferştandt (Rodriqo) və Tələt Hüseynov (Böyük İnkvizitor) da iştirak edəcək. Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.