TÜRKSOY və Samsun Opera və Balet Teatrının birgə əməkdaşlığı ilə məşhur qazax bəstəkarı Mukan Tölebayevin “Birjan və Sara” operası Türkiyənin İstanbul, Ankara, Əskişəhər və Bursa şəhərlərində nümayiş olunacaq. Xatırladaq ki, tamaşa ilk dəfə 2013-cü ildə türkiyəli tamaşaçılara təqdim olunub və böyük rəğbətlə qarşılanıb. Opera Türkiyədə bir sıra festivalların proqramına daxil edilib.
Bu dəfə isə əsər beynəlxalq layihədə - altı türkdilli ölkənin nümayəndələrinin iştirakı ilə təqdim olunacaq. Birjan rolunu Qırğızıstanın Əməkdar artisti Sadırbek Jumaşev, Sara rolunu isə iki opera divası- Qazaxıstanın “Astana operası”nın aparıcı solisti Julpr Qabdulina və Tatarıstanın opera müğənnisi Regina Valiyev oynayacaq. İştirakçılar sırasında Özbəkistan və Başqırdıstandan da ifaçılar var. Ümumtürk layihəsinin rejissoru isə Azərbaycanın Əməkdar incəsənət xadimi Əflatun Nemətzadədir. Bundan əvvəl o, “Koroğlu” və “Alpamıs” tamaşalarına quruluş verib.
“Birjan və Sara” operası iyunun 13-də İstanbulda Beynəlxalq Opera Festivalı çərçivəsində nümayiş etdiriləcək və sonra digər üç şəhərdə təqdim olunacaq.

Mehparə