Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq. Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan bildiriblər ki, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək.
Grossmont simfonik orkestri tərəfindən müşayiət olunacaq baletin premyerası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil olunur.
Böyük bəstəkarın 1952-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində uğurla tamaşaya qoyulub.