Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında mövsümün bağlanması münasibətilə mətbuat konfransı keçirilib. Teatrın direktoru İslam Həsənov mövsüm ərzində hazırlanan tamaşalardan və gələcək planlardan danışıb.

Qeyd olunub ki, bu mövsümdə teatrda uzun müddət oynanılmayan tamaşalar bərpa olunub. Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, Əziz Nesinin “Öldür məni, can-ciyər”, Jan Anuyun “Antiqona” əsərləri səhnələşdirilib. Sumqayıt tamaşaçılarının teatra marağı artıb.
Kollektiv iyulun 6-dan 11-dək Gürcüstanının Kutaisi şəhərində qastrol səfərində olub. Con Patrikin “Qocanı öldürməliyik” tamaşası gürcü teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Bu il Sumqayıt teatrının 45 yaşı tamam olur. Teatr öz pərdəsini ilk dəfə 1969-cu il martın 14-də rejissor Cənnət Səlimovanın quruluşunda Mirzə Fətəlinin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyası ilə açıb. Direktorun sözlərinə görə, teatr sentyabr ayında 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırır.
Yeni mövsümdə hazırlanacaq tamaşalardan da danışan direktor üç əsərin əcnəbi rejissorlar tərəfindən səhnələşdiriləcəyini deyib. Nikolay Qoqolun “Ölü canlar” əsəri əsasında hazırlanacaq “Çiçikovun səyahəti” tamaşasına ukraynalı rejissor Arkadiy Netolyuk quruluş verəcək. Qurban Səidin “Əli və Nino” əsərini Gürcüstandan dəvət olunacaq Zurab Pxokadze, Uilyam Şekspirin “Otello” dramı isə bolqarıstanlı rejissor Xristo Stoyçev tərəfindən tamaşaya qoyulacaq.
Bundan əlavə, Alber Kamyunun “Kaliqula” (quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov), Hüseynbala Mirələmovun “Vicdanın hökmü” (rejissor Namis Şirməmmədov) və Harold Pinterun “Sevgili” (rejissor Vasif Məmmədov) əsərlərinin tamaşalarının hazırlanması da nəzərdə tutulub.