Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 123-cü mövsümünü başa vurub.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən teatrın direktoru Tofiq Heydərov, baş rejissor Tural Mustafayev, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Təvəkkül Əliyev və başqaları kollektivin əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən danışıblar.
Sonra Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnəyə qoyulmuş “Qəribə oğlan” komediyasının premyerası olub.
1973-cü ildə yazılmış əsərdə sovet dövrü üçün xarakterik olan xalqlar dostluğu ideyası ön plana çəkilib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır.
Əsas rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Adil Zeynalov, aktyorlardan Zemfira Nəcəfova, Miraslan Ağayev, Aynur Əhmədova, Allahverən Babayev, Hikmət Cəfərov, Səyad Əliyev, Emin Fərzullayev və başqaları ifa ediblər.