Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində bu il "Azərbaycanın əfsanələr paytaxtı" elan olunan Qəbələ rayonunda tez-tez mədəni-kütləvi tədbirlər keçirilir. Belə tədbirlərdən biri Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İsmayıl bəy Qutqaşınlı adına xalq teatrının təqdimatında olub. Kollektiv İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.
Əsər yaradıcı heyət tərəfindən uğurla səhnələşdirilib və maraqlı aktyor oyunu ilə yadda qalıb. Tamaşanın quruluşçu rejissoru Füzuli Sərkərov, rəssamı Malik Ağayev, işıqçı Süleyman Yaqubovdur. Rəşid bəy rolunda Xəyal Gəncimov, Səadət xanım rolunda Şahanə Vəlizadə, Əziz rolunda Ruhib Rəşidov, Şamah rolunda isə Leyla Zakirova çıxış ediblər. Səhnə əsəri tamaşaçılar tərəfindən yüksək alqışlarla qarşılanıb.