Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının muxtar respublika festivalı başa çatıb. Xalq teatrlarının və dram dərnəklərinin işinin səmərəli təşkili, özfəaliyyət kollektivlərinə istedadlı gənclərin cəlb edilməsi məqsədi daşıyan tədbir çərçivəsində Rza Təhmasib adına Şərur rayon xalq teatrının yazıçı-dramaturq Cahangir Aslanoğlunun “Qısqanc ər” əsəri əsasında hazırladığı eyniadlı tamaşanı, Şahbuz rayon xalq teatrı isə Zülfüqar Hacıbəyovun “Evliykən subay” musiqili komediyasını nümayiş etdirib. Festivala avqustun 5-də isə Babək rayon xalq teatrının təqdimatında Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında eyniadlı tamaşa ilə yekun vurulub.