Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, teatr yeni mövsümü sentyabrın 20-də dünya şöhrətli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilə açacaq.
2008-ci ildən teatrın repertuarında olan baletin quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf Vasili Medvedev, dirijoru Əməkdar incəsənət xadimi Cavanşir Cəfərovdur. Səhnə əsərində əsas rolları xalq artistləri Gülağası Mirzəyev və Kamilla Hüseynova ifa edəcək.
Sentyabrın 21-də isə Opera və Balet Teatrı dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını tamaşaçılara təqdim edəcək. Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovanın baş rollarını ifa edəcəyi tamaşanın dirijoru Sevil Hacıyeva, rejissoru, teatrın baş rejissoru Hafiz Quliyevdir.
Opera və Balet Teatrının tamaşaçıları sentyabrın 24-də isə Üzeyir Hacıbəylinin “Koroğlu” operasına tamaşa edəcəklər. Opera-tamaşada əsas rollarda gənc və istedadlı solistlər Ramil Qasımov və İlahə Əfəndiyeva çıxış edəcəklər.