Yeni mövsümə yeniliklərlə hazırlaşan kollektivlərdən biri də Bakı Uşaq Teatrıdır. Kollektiv sentyabrın 7-də "Günahsız günahkarlar" tamaşası ilə Siyəzən rayonunda teatrsevərlərin qarşısına çıxacaq. Premyera tamaşa ölkəmizin də zərər gördüyü insan alverinə həsr olunub. Sentyabrın 17-də isə kollektiv Ağsu rayon mərkəzində "Həyatla oyun" tamaşasını təqdim edəcək.
Teatrın direktoru İntiqam Soltan bizimlə söhbətində sentyabrın 20-də Hindistanda keçiriləcək "III Türk incəsənəti tarixi və folkloru" konqresinə qatılacağından və tədbirdə "Azərbaycanda Uşaq Teatrı" mövzusunda mühazirə oxuyacağını bildirdi. Direktorun sözlərinə görə, teatrın kollektivi oktyabrın 7-12-də İranın Həmədan şəhərində uşaq, 16-23-də isə Mərvan şəhərində keçiriləcək IX Beynəlxalq Meydan Tamaşaları festivallarında iştirak edəcəklərini də diqqətə çatdırdı.
İ.Soltan cəzaçəkmə müəssisələrində məhkumlar qarşısında QİÇS-lə bağlı maarifləndirici tamaşalar oynayacaqlarını da qeyd etdi.
O, teatrın nəzdində fəaliyyət göstərən "Günay" teatr studiyasının İtaliyada keçiriləcək uşaqlardan ibarət teatr kollektivlərinin festivalına dəvət aldıqlarını və noyabrda reallaşacaq tədbirə qatılmaq niyyətində olduqlarını da dedi.
Daha bir layihə barədə də məlumat verən direktor artıq yeni ildən etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün rayonlarında gənclər arasında maarifləndirici tamaşalarla çıxış edəcəklərini əlavə etdi.
Teatrın builki həyatında ən mühüm hadisənin 100-cü tamaşanın hazırlanması olduğunu da diqqətə çatdıran İ.Soltan bugünədək 97 tamaşa səhnələşdirdiklərini və 100-cü, yubiley nümunə üçün seçiləcək əsərin müsabiqə yolu ilə müəyyənləşəcəyini bildirdi.

Həmidə Nizamiqızı