Dünya teatrları


Bu teatr və onun unikal memarlığa malik binası dünya operasının ən məşhur məkanlarındandır. Təsadüfi deyil ki, yarandığı gündən bu missiyanı üzərinə götürən teatr ümumilikdə bu sənət sahəsi ilə maraqlanmayanların da ad olaraq bildiyi və az-çox məlumatlı olduğu musiqi, opera ünvanıdır.

Bu gün nəinki Milanda, eləcə də dünyada ən tanınmış və məşhur opera teatrı statusunu qoruyan sənət məbədi Milanın della Skala (Piazza della Scala) meydanında yerləşir. Turistlərin ən çox ziyarət etdiyi maraqlı məkan 1776-cı ildə yanmış Reqio Dukale Teatrının (Teatro Regio Ducale) əvəzinə Santa Maria della Skala kilsəsinin yerində memar Cüzeppe Piyermarininin layihəsi əsasında 23 ay müddətində tikilib. Ərsəyə gəlməsi xeyli məsrəfli olduğundan bu məsələnin həllində 90 nəfər varlı şəxs bir araya gəlib.
3 avqust 1778- ci ildə öz qapılarını Antonio Saliyerinin (“L’Europa riconosciuta”) operasının premyerası ilə açan teatrın tamaşaçıları onu qısa vaxtda sevməyə başlayır. Belə ki, premyera günü iki baleti də təqdim edən teatr təmsilçiləri sadə italyanları da nəzərə alaraq teatrın foyesində içki məclisi və kart oyunu üçün masalar da yerləşdirirlər.
Bina yeni barokko üslubunda tikilmiş öz əvəzedilməz akustikası ilə seçilir. Tamaşa zalının bədii tərtibatı rahatlıq və akustikanın ciddi tələbinə uyğun qurulub. Bina 100 metr uzunluğa və 38 metr enə malikdir. Fasadının ortasında karetaların daxil olması üçün portal yerləşmişdir. Zal nal şəklində olub, beşqatlı, hər biri 8-10 nəfərlik, bir-biri ilə dəhlizlərlə əlaqəli olan 194 lojaya, bir kral lojasına və qalereyalara, bir o qədər də böyük olmayan səhnəyə malikdir. Əvvəllər işıqlanma şamlar hesabına olduğuna görə tamaşaçılar özlərini mum ərintisindən qorumaq üçün şlyapa və papaq qoymağa məcbur idilər. İstilik sistemi olmayan tamaşaçı salonu ağ, gümüşü və qızılı rənglərlə işlənilmişdir.
Teatr özünün repertuar seçimi ilə də daim fərqlənməyi bacarıb. Hələ XVIII əsrin sonlarında italyan bəstəkarlarından P.Qulelmi, D.Çimarozı, L.Kerubini, Dj. Paiziello, S.Mayranın əsərlərinə yer verən teatr o müəlliflərdən təxminən bir əsr sonra əl çəkdi. Teatrın səhnəsində ən məşhur bəstəkarların ilk operalarının da nümayişi reallaşıb.
XIX əsrin 30-cu illərindən başlayaraq repertuarına yenidən nəzər salan teatrda İtalyanın məşhur bəstəkarlarının əsərləri daha sıx-sıx görünməyə başladı. Bu günədək 30-dan artıq operanın ilk premyerasını edən teatrda daha çox Cüzeppe Verdi, Gaetano Donizetti, Vincenzo Bellini, Gioachino Rossini, Arrigo Boito kimi bəstəkarların yaradıcılığına müraciət olunub.
1943-cü ildə - İkinci Dünya müharibəsi zamanı böyük dağıntılara məruz qalan teatr binası qısa müddətdə bərpa edilir və 11 may 1946-cı ildə istifadəyə verilir. Ümumiyyətlə, bu tikili dəfələrlə təmir olunub və restavrasiyadan sonra öz unikal görünüşünü bərpa edə bilib. Son bərpa işinə 3 il vaxt və 61 milyondan çox avro xərclənmiş teatr 7 dekabr 2004-cü ildə yenilənmiş səhnəsi ilə tamaşaçılarla görüşüb.
Ənənəvi olaraq mövsümünü dekabrın 7-də açan dünya opera mədəniyyətinin mərkəzi sayılan bu teatrın səhnəsində XVIII əsrin sonuna kimi dramatik tamaşalar da oynanılıb. Nümayişlərini "karnaval", "payız", "yaz", "yay" adlandırdığı mövsümlərə uyğun edən kollektiv "karnaval mövsümü" dövründə opera və baletlər, qalan üç mövsümdə isə daha çox buf-operalar qoyurdu.

Həmidə Nizamiqızı