Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 87-ci teatr mövsümünə sentyabrın 20-də start verəcək. Gündüz balacalar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşası təqdim olunacaq.
İkihissəli nağıl-tamaşaya Əməkdar artist Nicat Kazımov quruluş verib. Quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Əməkdar incəsənət xadimi Gövhər Həsənzadədir. Həmin gün axşam isə İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı yeni tamaşanın premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, səhnə tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır. Rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.
Teatrın yeniliklərindən biri də sentyabrın 19-dan 23-dək Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə rejissor laboratoriyasının təşkilidir. Laboratoriyada iştirak edəcək rejissorlar R.Ağayevin “Bir gecənin nağılı” (19 sentyabr, Gənc Tamaşaçılar Teatrı), İ.Əfəndiyevin “Büllur sarayda” (20 sentyabr, Rus Dram Teatrı), H.Cavidin “Əmir Teymur” (21 sentyabr, Akademik Milli Dram Teatrı) və L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) (22 sentyabr, Gənc Tamaşaçılar Teatrı) tamaşalarını izləyəcək və müzakirələr aparacaqlar.
Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçiriləcək rejissor laboratoriyası çərçivəsində Gənc Tamaşaçılar Teatrında Rusiya Teatr Akademiyasının səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar Zakirovun başçılığı ilə səhnə döyüşləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulub.