“İlahi oyun” Tbilisidə, “Yalqız Qərb” Permdə nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi oktyabrın 1-də Gürcüstana yola düşür. Teatr Tbilisidə beynəlxalq teatr festivalında iştirak edəcək.

Kollektiv festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək. “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan tamaşa 3 oktyabrda Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində nümayiş etdiriləcək.
Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan - Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.
Dövlət Gənc Tamaşaçılar Teatrı isə Rusiyanın Perm şəhərində keçiriləcək I beynəlxalq Martin MakDonax festivalına dəvət alıb. Oktyabrın 7-dən 14-dək davam edəcək festivalda kollektiv dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru britaniyalı rejissor Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev oynayırlar.
Oskar mükafatçısı Martin MakDonaxın adı ilə bağlı festivalın keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə teatr aləmi üçün əhəmiyyətli hadisədir. Festivalın Perm şəhərində keçirilməsinin səbəbi isə burada fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından olan “U mosta” teatrında dramaturqun 7 pyesinin hazırlanaraq nümayiş etdirilməsidir. Festivalda həmçinin Moskva Bədaye Teatrı (Moskva), Sankt-Peterburqun Böyük Dram Teatrı, eləcə də Almaniya, Avstriya, Bosniya, Çexiya, Polşa və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər.
Festival çərçivəsində rejissorlar üçün İrlandiyanın “Dekadent” teatrının bədii rəhbəri Endryu Flinin iştirakı ilə seminar-treninqin, MakDonax yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.