Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqləri gedir. Uşaqların düşüncə tərzi və qavrama qabiliyyətinə hesablanan səhnə nümunəsi hər kəsin yaxşı bildiyi məşhur əsər əsasında hazırlanır.
Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesinin motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi tamaşa “Tıq-tıq və Taq-taqın nağılı” adlanır. Lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə sadiq dost, səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik təlqin edən Taq-taq əsas qəhrəman kimi tamaşanın sonluğunun da dəyişməsinə nail olub. Klassik nümunədən fərqli olaraq yeni tamaşada müsbət sonluğa nail olan rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edib. Nəzm formasında təqdim olunan nümunədə uşaqlar fərqli rəssam işi, yeni kukla modelləri ilə də tanış olacaqlar.
Oktyabrın sonunda balacalara təqdim ediləcək tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir. Rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman və başqaları ifa edirlər.