Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası olacaq.

Tamaşa Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə səhnələşdirilib. “Yeddi gözəl” ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo şəhər teatrında (San Diego Civic Theater) təqdim olunacaq.
Baletin musiqisi San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont kollecinin orkestri tərəfindən ifa ediləcək. Tamaşanın xoreoqrafı San Dieqo baletinin direktoru Xavier Velasko, dirijoru Randal Tviddir. Səhnə əsərində bütün obrazlar amerikalı balet ustaları tərəfindən canlandırılacaq.
Tamaşanın təbliği məqsədilə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən xüsusi internet səhifəsi () yaradılıb, facebook və twitter kimi sosial şəbəkələrdə də baletlə əlaqədar informasiya xarakterli daim yenilənən səhifələr istifadəyə verilib.
Kaliforniya qanunverici orqanının alt palatası olan ştat assambleyasının spikeri Toni Atkins “Yeddi gözəl” baletinin ABŞ-ın San Dieqo şəhərində tamaşaya qoyulması ilə bağlı qətnamə imzalayıb. Qətnamədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi gözəl” baletinin ABŞ-da ilk dəfə səhnəyə qoyulması böyük mədəniyyət hadisəsi kimi qiymətləndirilir. Sənəddə Azərbaycanın böyük şairi Nizami Gəncəvi və dahi bəstəkarı Qara Qarayevdən bəhs edilərək, “Yeddi gözəl” baletində güclü poetik və musiqi vəhdətinin olduğu qeyd edilir. Əsərdə multikulturalizmin və tolerantlığın tərənnümü, etnik müxtəlifliyin təntənəsi kimi keyfiyyətlərin nümayiş etdirildiyi vurğulanır.
“Yeddi gözəl” baletinin 1952-ci ildə Q.Qarayev tərəfindən bəstələndikdən sonra tarixdə ilk dəfə ABŞ-ın böyük səhnəsində tamaşaya qoyulduğu qeyd olunur: “ABŞ və Azərbaycan arasında münasibətlər 20 ildən çoxdur ki, davam edir. Bu münasibətlər iki ölkə arasında qarşılıqlı mənafelərə, faydalı tərəfdaşlığa yönəlik hədəfləri əhatə edir. Azərbaycan Kaliforniya ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir”.
Kaliforniya ştatı senatı adından isə müvafiq qətnaməni senator Marti Blok imzalayıb.