III Bakı Beynəlxalq Teatr Konfransı ərəfəsində


Zəngin tarixi olan, xalqımızın milli-mədəni dəyərlərini qoruyan, təbliğ edən, mütərəqqi ideyalar aşılayan Azərbaycan teatrı son illər uğurlu dövlət siyasəti sayəsində özünün yeni inkişaf dövrünü yaşamaqda, müasir dünyanın teatr prosesinə inteqrasiya olunmaqdadır. Bu mənada Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatrlarımızın inkişafı yolunda atılmış mühüm bir addımdır. Proqramın icrası ilə milli teatrımız maddi-texniki baza, kadr potensialı, fəaliyyət istiqaməti, beynəlxalq arenaya çıxış imkanları baxımından mühüm uğurlara imza atıb.

Bu gün Azərbaycan teatrının sorağı dünyanın müxtəlif səhnələrindən gəlir, ölkəmiz bu sahədə diqqətəlayiq beynəlxalq təşəbbüslərin müəllifi, mötəbər tədbirlərin ev sahibidir. Dövlət Proqramının icrası ilə bağlı 2010-cu ildə təməli qoyulan və gələn həftə üçüncüsü keçiriləcək Bakı Beynəlxalq Teatr Konfransı bu sırada müstəsna yer tutur. Artıq ənənə halını alan Bakı konfransı dünyanın müxtəlif qütblərində yaşayıb fəaliyyət göstərən teatr sənəti ilə bağlı ən üst qurumların, nüfuzlu insanların, teatr xadimlərinin görüş yerinə çevrilib.

İlk təşəbbüs -
görüş yeri Bakıdır

2010-cu ilin 7-8 noyabr tarixlərində keçirilən ilk konfrans «Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər» mövzusuna həsr olunmuşdu. Tədbirə ABŞ, Kanada, Rusiya, Çexiya, Ukrayna, İsveçrə, İran, Türkiyə, Polşa, Avstriya, Çin, Fransa, Səudiyyə Ərəbistanı, Tunis - ümumilikdə 30-dək ölkədən 60-dan artıq qonaq qatılmışdı. Beləcə Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirak edərək dünya mədəniyyəti, teatr prosesi ilə bağlı fikir mübadiləsi apardılar. Beynəlxalq konfransda teatr tənqidçiləri Mişel Vais, Piter Qoldfarb, teatr rəssamı İosif Yusupov, teatr geyimi üzrə rəssam İrina Krujilina, plastika üzrə Roberto Varea, dramaturgiya və vokal ifaçılığı üzrə Rut Maqraff kimi nüfuzlu teatr mütəxəssislərinin məruzələri dinlənildi, elmi-praktik konfrans çərçivəsində teatr xadimlərinin ustad dərsləri və treninqləri keçirildi.
Nüfuzlu qonaqlar, rəsmilər, teatr mütəxəssisləri tədbirin önəmini, müzakirə olunan məsələlərin vacibliyini, ümumilikdə dünya teatr məsələlərinin uğurlu müzakirə məkanını nəzərə alaraq konfransın ənənə halını almasını təklif etdilər. Çünki bu tədbir müxtəlif ölkələrin teatr sənətçiləri üçün qarşılıqlı təcrübə və fikir mübadiləsi, tanışlıq üçün mühüm imkan idi. Bu tədbirin sadəcə teatr konfransı olmadığı, beynəlxalq forum kimi böyük əhəmiyyət kəsb etdiyi vurğulandı.
Plenar iclaslar, bir-birindən maraqlı mövzuları əhatə edən treninqlərlə yadda qalan konfrans beləcə özündən sonra yeni teatr əlaqələrinin əsasını qoydu.

İkinci konfrans -
ənənənin təməli

İki ildən sonra, 2012-ci il noyabrın 5-6-da “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda II Bakı Beynəlxalq Teatr Konfransı gerçəkləşdi. Bu dəfə konfrans öz arealını daha da genişləndirməyə və əhatə dairəsinə müxtəlif insanları toplamağa başladı. Tədbirdə dünyanın 35 ölkəsindən 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak edirdilər.
Beynəlxalq konfransın açılış mərasimində çıxış edənlər dünyanın tanınmış teatr sənətçilərinin artıq ikinci dəfə bir araya gələrək müasir dövrün teatr proseslərini araşdırmasını mühüm addım kimi dəyərləndirdilər, belə vacib tədbirə ev sahibliyi edən ölkəmizə təşəkkürlərini bildirdilər.
Qonaqlar II Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsini Azərbaycan dövlətinin dünyada mədəni inteqrasiya, qarşılıqlı bəhrələnmə məsələlərinə çox böyük əhəmiyyət verdiyinin əyani sübutu olduğunu dilə gətirdilər. Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin əsas məqsədinin ölkələr arasında körpülər salmaq, sərhədləri aşmaq və müxtəlif xalqların fərqli mədəniyyətlərini bir-biri ilə görüşdürmək, onların fəal dialoquna nail olmaqdan ibarət olduğu məmnunluqla qeyd olundu. İştirakçılar Azərbaycan teatrının tarixinə də nəzər salaraq onun qədim və zəngin ənənələri ilə yaxından tanışlıq imkanı qazandıqlarını vurğuladılar, dövlətin bu sahəyə diqqət və qayğısı, onun bariz nümunəsi olan yüksək səviyyəli maddi-texniki bazaya, gözəl görünüşə malik teatr binaları ilə tanış oldular. Beləcə Azərbaycan mədəniyyəti, teatr sənəti barədə fikir mübadiləsi etdilər. Konfransda Azərbaycan teatrının beynəlxalq əlaqələrindən, bu sahədə uğurlu addımlarından da söhbət açıldı.
Bununla da konfrans bizə həm də öz imkanlarımızı, tarixi həqiqətlərimizi, mədəniyyətimizin inkişaf istiqamətlərini təqdimat imkanımızı genişləndirdi. Azərbaycan teatrlarının beynəlxalq festivallarda, qastrol səfərlərində ölkəmizi layiqincə təmsil etdiyi, müxtəlif ölkələrlə sənət mübadiləsi, tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamlarının ölkə teatrlarında tamaşalar hazırladıqları diqqətə çatdırıldı. Bununla Azərbaycanın dünya teatr prosesini yaxından izlədiyini faktlarla əsaslandırmış oldular.
Bundan başqa, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu və bu işğalın Azərbaycan mədəniyyətindən, teatr sənətindən də yan keçmədiyi, hərbi təcavüz nəticəsində Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı qaçqın həyatı yaşadığı gerçəyi də dilə gətirildi.
Konfransda Azərbaycanda qaynar mədəni həyat yaşandığı xüsusi diqqətə çatdırıldı. Qeyd edildi ki, bu, bilavasitə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən beynəlxalq layihələr nəticəsində mümkün olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycanı dünyanın tanınan mədəniyyət mərkəzinə çevirmişdir.
Tədbirdə çıxış edən Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, UNESCO-nun sülh artisti və xoşməramlı səfiri Əli Mahdi, Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus, polşalı dramaturq, rejissor və ssenarist Kşiştof Zanussi, Uşaq və Gənclər Teatrlarının Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankoni ölkəmizdə mövcud olan teatrların yeniləşməsini yüksək qiymətləndirərək Azərbaycan mədəniyyətinin, teatr sənətinin uğurlu inkişaf yolu keçdiyini dedilər.

Üçüncü teatr forumuna doğru

İkinci konfransdan sonra baş verən proseslər göstərdi ki, Bakı beynəlxalq teatr forumu bütün dünyada tanınan sənət adamlarının diqqət mərkəzindədir. Bu mənada üçüncü dəfə keçiriləcək beynəlxalq teatr konfransının da Azərbaycan və dünya teatr sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətli olacağı şübhə yaratmır.
5-6 noyabr 2014-cü il tarixində gerçəkləşəcək III Bakı Beynəlxalq Teatr Konfransı «Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusuna həsr olunub. Bu aktual mövzu ətrafında 40-dan çox ölkədən 120-dək teatr, incəsənət xadimlərinin - rejissorların, aktyorların, dramaturqların, bir neçə ölkənin teatr xadimləri ittifaqlarının, beynəlxalq teatr festivallarının, teatrla bağlı tanınmış qurumların təmsilçilərinin Bakıda bir araya gəlməsi yenidən dünyanın teatr ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək.

Həmidə Rüstəmova