Teatr sənətinin qüdrəti “Tamaşa hər kəsdə təəssürat oyatdı” cümləsində gizlənir

Ətraf mühit haqqında bütün məlumatları biz duyğu orqanları vasitəsilə əldə edirik. İstini soyuqdan, ağı qaradan, yaxını uzaqdan seçir, ətrafımızı dəyərləndiririk. Bu baxımdan orqanizmin fərqli funksiyaları arasında əhəmiyyətlilik dərəcəsinə görə müqayisə aparmaq çətindir.

Amma bir el deyimində “Baş bədənin tacıdır, gözlər onun daş-qaşı” fikri vurğulanır. Çünki ətraf mühit haqqında ən çox gözlərimiz vasitəsilə məlumat alırıq. Gözlərimiz əşyaların rəngini, formasını və ölçüsünü fərqləndirir, onların yerləşmə mövqeyini, hərəkətdə, yaxud da sükunətdə olduğunu bizə bildirir. Gözlərimizin köməyi ilə biz oxuyur, televizora baxır, bir sözlə, dünyanı kəşf edə bilirik.
Gəlin, bir anlıq bu məlumatları unudaq, həqiqətdən danışaq. Yox, verdiyim bu məlumatlar da həqiqət idi, amma bu, hər şeydirmi? Məncə, hər şeydən öncəsi hissiyyatdır. Həqiqətən, ətraf mühiti anlamaq üçün göz bu qədərmi mühüm rol oynayır? Düşünürəm ki, yox. Əgər biz yarpağı görüb toxunduqdan sonra onu hiss edə bilməyəcəyiksə, o zaman nə önəmi var gördüklərimizin. Sağlam insanlardan fərqli olaraq gözdən əlil şəxslər bunu bacara bilirlər. Əlbəttə ki, hiss etmək tək yarpağa toxunub duymaqla bitmir.
Mövzuya başqa prizmadan yanaşaq. Bir çox ictimai məkanlar var ki, biz həmin yerlərə gedərək mənəvi qida alır, ruhumuzu zənginləşdirir, estetik zövq alırıq. Məsələn, kino mərkəzləri, teatrlar, konsert zalları, sərgi salonları bu baxımdan böyük əhəmiyyətə malikdir. Sənətlə bilavasitə təmasda olduğumuz yerlərdən biri də teatrdır. Mən teatra getməyi çox sevirəm. Əgər səhnədə bir aktyor hönkürtü ilə ağlayırsa, mən onun səsindəki gərginliyi hiss edərək təsirlənirəm.
Düzdür, onun göz yaşlarını, ağlayarkən çöhrəsində yaranan cizgiləri görmürəm, amma görməməyim məhz bu duyğu yüklü səhnələrdən təsirlənməyimə mane olmur. Məsələn, Azərbaycan və dünya dramaturgiyasının klassik nümunələri teatrların səhnəsində tamaşaçılarla ünsiyyətə girdiyi kimi, bu əsərləri radio tamaşa formatında daha geniş auditoriyaya çatdırmaq mümkündür. Təxminən yarım əsrdir teatrsevərlər radio dalğalarında səhnə əsərlərinin qəhrəmanlarının daxili-mənəvi dünyasını, ideallarını, psixoloji durumlarını duymaq imkanı əldə ediblər. Ancaq teatrın canlı ünsiyyət meyarına görə bəlkə də bunun effektivliyi bir qədər azdır. Yenə də sənət naminə müəllif qayəsinin, cəmiyyətə ünvanlanan mesajların əhəmiyyətini düşündükdə teatr hər vasitə ilə teatrdır qənaətini hasil edirsən...
Nəhayət, tamaşa bitir. Budur, alqış səsləri və kurs rəhbərimiz biz tələbələrə yaxınlaşaraq soruşur: “Tamaşa sizdə hansı təəssüratları oyatdı?” Bəli, cavab birdir. Tamaşa hər kəsdə təəssürat oyatdı.
Məncə, əsl sənət təqdimat formasından asılı olmayaraq, təsirini göstərməyə qadirdir. Teatr sənətinin əsl gücü də məhz bundadır. Teatr sənətinin qüdrəti, təsir gücü də elə “Tamaşa hər kəsdə təəssürat oyatdı” cümləsində gizlənir. Görməsəm də, hiss etdiyimə görə, o səhnələri duyub qəlbimdə yaşada bildiyim üçün mən də teatrı çox sevirəm.

Anar Nəbiyev,
Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq ixtisası üzrə II kurs tələbəsi

Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim edilir