Klassik əsərdə yeni ştrixlər

Oktyabrın 25-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir maraqlı tamaşanın premyerası olub.

Teatrın mətbuat xidmətindən bildiriblər ki, Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşası ideya yükü, səhnə estetikası və yeni ştrixləri ilə diqqəti cəlb edir.
Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi səhnə əsərinin sonluğunun da dəyişməsinə nail olur. Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşanı müsbət sonluqla bitirən rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edir və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirir.
Nəzm formasında təqdim olunan tamaşada fərqli rəssam işi ilə də diqqət çəkir. Səhnədə klassik qəhrəmanlar yeni geyimdə, müasir ştrixlərin seçkin verildiyi üslubda (quruluşçu rəssam Rəvanə Yaqubova) görünür. Aparıcıları, nağılı nəql edənləri canlı dekorasiya kimi təqdim edən rejissor tamaşanın tempini yüksək tutmağa nail oldu. Bu işdə tamaşanın musiqisi də öz sözünü deyir. Bəstəkar Vüqar Camalzadənin musiqisi tamaşanı daha da baxımlı edib.
Birhissəli kukla tamaşasında Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid İbrahimov ifa edirlər. Tamaşa alqışlarla qarşılanıb.