Kukla Teatrında xeyriyyə tədbiri

Noyabrın 6-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Ucalsın bayrağımız” adlı xeyriyyə tədbiri keçiriləcək. Teatrın Təhsil Nazirliyi ilə birgə reallaşdıracağı aksiyada Bakıda fəaliyyət göstərən uşaq evi və internat məktəblərindən 130-dan artıq uşaq iştirak edəcək.
Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyasının balaca istedadlarının ifasında ilk olaraq “Şahın xudpəsənd oğlu” (müəllif Səidə Haqverdiyeva, rejissor Cəmilə Allahverdiyeva) adlı tamaşa, sonra isə “Ucalsın bayrağımız” adlı konsert təqdim ediləcək. Balacalar həm əylənəcək, həm də bu əlamətdar günlə bağlı məlumat almış olacaqlar.