Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə “Məktəb və teatr” adlı layihə həyata keçirir. Layihə ətrafında müzakirələr aparmaq məqsədilə Bakı məktəblərini təmsil edən valideyn komitələrinin nümayəndələri və təhsil müəssisələrində çalışan məktəbdənkənar iş üzrə mütəxəssislərlə teatrda görüş olub.
Toplantıda teatrın direktoru, professor İsrafil İsrafilov gənc nəsildə mədəniyyətimizin və incəsənətimizin təbliğinə, məktəblilərdə teatr sənətinə marağın artırılmasına xidmət edən “Məktəb və teatr” layihəsi barədə məlumat verib. Layihə çərçivəsində hər məktəbdə açılacaq “Məktəblinin teatr guşəsi”ndə Milli Dram Teatrının aylıq repertuarı ilə yanaşı, ölkənin teatr həyatında baş verən önəmli yeniliklər, görkəmli teatr xadimləri haqqında məlumatlar yerləşdiriləcək.
Layihədə məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs dərnəklərinin işində iştirak edən şagirdlərə teatrda çalışan mütəxəssislər tərəfindən peşəkar yardımın göstərilməsi də nəzərdə tutulur. Bundan başqa, Milli Dram Teatrı məktəblərdə keçirilən sənət müsabiqələrinin təşkilinə əməli köməklik göstərəcək.
İsrafil İsrafilov onu da qeyd edib ki, teatrın repertuarında məktəblərin tədris proqramlarında yer alan əsərlər mövcuddur. Eyni zamanda təhsil müəssisələri də repertuarın tərtibinə dair öz təkliflərini verə bilərlər.