Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə “Məktəb və teatr” adlı layihə həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir Binəqədi rayonunda 284 nömrəli orta ümumtəhsil məktəbində olub. Teatrın kollektivi Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan “Anamın kitabı” tamaşasını nümayiş etdirib. Tamaşanın aktual mahiyyəti və bədii keyfiyyəti böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rolları Xalq artisti Səidə Quliyeva, əməkdar artistlər Ayşad Məmmədov, Kazım Həsənquliyev, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Mirzə Ağabəyli, Firuz Xudaverdiyev və başqaları ifa edirlər.