Dekabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı balet truppasının ifasında böyük bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
Azərbaycan balet sənətinin incilərindən sayılan balet 2013-cü ildə Belarus teatrında səhnəyə qoyulub və bu gün də repertuarda möhkəm yer tutub. Baletin Minsk səhnəsində hər tamaşası anşlaqla keçir.
Tamaşanın quruluşçu baletmeysteri baletmeysterlərin beynəlxalq müsabiqələrinin laureatı Yuri Puzakov, dirijoru Andrey İvanovdur. Əsas rolları Belarus baletinin ulduzları - bu ölkənin xalq artistləri Olqa Qayko, Konstantin Kuznetsov, əməkdar artistlər İqor Onoşko və Konstantin Qeronik ifa edəcəklər.