Burdan bir atlı keçdi,
Atın oynatdı keçdi.
Gecəni lərzə saldı,
Günü oyatdı keçdi...

O, zaman-zaman “Burdan bir atlı deyil, burdan min atlı keçdi. Atın izləri torpaqda, daşda, qayalarda, üfüqlərdə qaldı. Heyf, bizim nəsil o zirvələrə qalxa bilmədi. Ətəklərə endik, düzlərə çıxdıq, nəticədə zirvələri də itirdik, düzləri də. Ancaq o atlılar hələ də zirvələrdədir”, - deyib ağrı ilə ürəyini boşaldır...
Həqiqət isə budur: Ordan min-min atlı, piyada yol aldı, köç etdi. Didərginlik, köçkünlük dadaraq, doğma torpaqdan qoparılan iri bir ağacın kökü kimi sarsıldılar bu torpaqda. Nə kök ata, nə də yaşıllanıb qol-budaqlana bildilər. Bəlkə elə saralmış yarpaqlarını yorğun budaqlarından qoparmamaq, əbədiyyətini, mənsubluğunu qoparıldığı kökə, torpağa hopmaqla yenidən pöhrələnib yaşıllanacaqları günə ümidləndilər.
Şair-dramaturq, gözəl ziyalı, özü kimi yurd həsrətli həmvətənlərinin ağrı-acısını ustalıqla duyub səmimiyyətlə qələmə alan Hidayətin bu arzusu müqəddəs olduğu qədər də inandırıcıdır. Bəlkə elə o arzular hələ də içlərinə dəfn etdikləri ağrılarla qoparıldıqları torpağın qoxusunu ciyərlərinə çəkmə fürsətidir. Ya da oraların ağırbatman kişisinin buralarda sözünə ehtiyac, təsəllisinə möhtaclıq. Yəqin həm də ürəkdolusu özünə qayıdış, dünənin yaddaş vərəqləməsi, “hardan gəldik, hara gedirik” kimi nisgilli el yanğısıdır. Ola bilər tamaşaçı kimi mənim duya bilmədiyim başqa səbəblər də gətirmişdi onları bu məkana. Amma səmimi gəliş idi bu...
2 dekabr. Soyuq, yağışlı, küləkli, didərginlik qədər sazaqlı gündə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bir Vətən harayı, itirilmiş torpaq nisgili at oynadırdı. Salonu dolduran qələbəlik sanki müəllifin “Üz tutaq tarixin dərin qatlarına. Üz tutaq İrəvan dediyimiz o ulu torpaqlara. O zamanlar ki hələ sovetin bayrağı erməni başı üzərindəydi. Hələ erməni şovinizmi yenicə ayaq açırdı. Ancaq bizim üçün vacib olan o ulu torpaqlarda yaşayan həmvətənlərimizin erməni şovinistlərinə qarşı apardıqları intellekt mübarizəsidir. İrəvan, 1968-ci il” girişi ilə başlayan təqdimat-tamaşasına bir ağızdan “Mən də o eldənəm” demək istəyirdi. Beləcə, səhnəyə can atır, gözlərinin görüb qulaqlarının şahidlik etdiyi, birbaşa yaşadıqlarına yazıçı təxəyyülü, vətəndaş yanğısı, şair lirizmi ilə mükəmməl ədəbi-bədii don geyindirən müəllifə bu möhtəşəmlikdə minnətdarlıq edirdilər.
Didərgin taleli C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 133-cü mövsümündəki növbəti premyerasında da tamaşaçı sevgisi və diqqəti onları tərk etmədi. Şair-dramaturq Hidayətin “Burdan min atlı keçdi” əsəri əsasında hazırlanan ikihissəli tarixi-xronoloji dram alqışlarla qarşılandı.
Bu məqamda diqqətimdən yayınmayan bir detalı xüsusilə vurğulamaq istəyirəm. Səhnədə baş verənlərə diqqət kəsilən tamaşaçılar hər hansı dialoq və adi epizoda da mütləq alqışla reaksiya verir və ya o səhnədən hayqıran gerçəyi öz aralarında təkrarlayırdılar. Bu da müəllifin fakta münasibətindəki şəffaflıqdan, ustalığından soraq verirdi.
Teatrın dövlət sifarişi ilə hazırladığı tamaşaya Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş vermişdi.
XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin Qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əsas ideya kimi irəli sürən əsər Azərbaycan xalqının başına gətirilən bəlaların mükəmməl təsviri, unikal səhnə həlli idi. Mənfur qonşularımızın illər, əsrlərlə gizli-aşkar apardığı şovinist siyasət, qeyri-insani davranışlar, bu fonda havadarlarının verdiyi dəstəklər sayəsində azərbaycanlıların əzəli və əbədi torpaqlarından köçürülməsi zəncirvarı şəkildə təqdim olunurdu. Bu kontekstdə müəllif məsələnin izahında çoxşaxəli təsvir metodlarından ustalıqla bəhrələnmişdi.
Müəllifin bu tələbini aydın duyan rejissor tempi salmadan verdiyi mizanlarda tamaşaçını həyəcanda saxlaya və onu əslində məsələnin əsl mahiyyətinə varmağa vadar edirdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin səhnədə bədii obrazını yaradan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bütün həyəcanını boğaraq dahi liderin səhnə təcəssümünü ustalıqla yarada bilmişdi.
Ümumilikdə aktyorların oyununda dövrün tanınan insanlarının səhnə həlli bayağı yamsılamadan çox-çox uzaq idi. Hiss olunur ki, rejissor bu traktovkasında hər aktyorun öz yükünü aydın bölə bilmişdi. Bu baxımdan Kamran Bağırov (Əmrulla Nurullayev), Suslov (Nazir Rüstəmov), Liqaçov (Xalq artisti Məzahir Süleymanov), partiya komitəsinin katibi (Oqtay Mehdiyev) obrazları çoxşaxəli detallarla zənginləşdirilərək verilmişdi.
O cümlədən erməni millətinin təmsilçilərini səhnədə ifa edən aktyorların oyun manerası diqqət çəkirdi. Erməni xisləti, türkə nifrət, nifaqçılıq və daim pis əməllər qorxaq prototiplərin dəyişən dialoqlarında daha inandırıcı alınmışdı. Məsələn, Anton Koçinyan (Məhərrəm Musayev) məkrli və xudbin idisə, özündən müştəbeh və ifrat şovinist Robert Xaçaturyan (Əhliman Ərşadlı) bir başqa təəssüratlı idi. Eləcə də aktyor Əjdər Zeynalov axmaq məmur obrazının unikal həlli olan Ermənistan mədəniyyət nazirinin obrazını duymaqda çətinlik çəkməmiş, xüsusən Ədiblə (Natiq Həziyev) dialoqlarında xislətini, hiyləgərliyini saxta gülüşü ilə boyaya bilmişdi.
Erməni prototiplərdə Əməkdar artist Vaqif Kərimovun oyunu isə sadəcə alqışlanmalıdır. Əsərdə iki erməni obrazını - həm yaltaq, axmaq məmuru, həm də alçaq planlarının qurbanı olan polis rəisi Şaxmazasyanı bir-birinin təsirinə düşmədən ustalıqla ifa etdi. Xüsusən polis əməkdaşı, sadəcə azərbaycanlı olduğuna görə kapitan rütbəsi ala bilməyən Lətif Nəsibovla (Elçin Hacıyev) olan səhnəsində əsl simasını, xislətini nümayişdən çəkinməyən erməni obrazını yarada bilmişdi. Tarixi drama bəzi erməni işbilənlərin komik ola biləcək xislətləri, ənənəvi yaltaqlıq və qorxaqlıq xüsusiyyətlərini qabartmaqla gülüş də qatan rejissorun erməni baş leytenantı (Niyaməddin Səfərəliyev) və Təlimatçı (Rövşən Cəfərov) obrazları tamaşanın uğurlu gedişinə öz töhfəsini verdi.
Gənc Tamaşaçılar, Şuşa və Sumqayıt teatrlarının fərqli amplualı aktyorlarının bir səhnəni bölüşməsi də təqdirəlayiqdir.
Bu məqamda bir qədər də quruluşçu rəssam işinə nəzər salmaq yerinə düşərdi. Səhnədə bütöv Azərbaycanın xəritəsini verən rəssam (Vahid Mürsəliyev) hadisələrin cərəyan etdiyi zamanın mənzərəsini sadə və anlaşıqlı, mizanı ağırlaşdıran, aktyorlara mane olan dekordan qaçmaqla verməyə çalışmışdı. Daim həyəcan, tamaşanın tempinə hesablanan musiqi də (musiqi tərtibatı Çingiz Xəlilov) tamaşaçını həyəcanda saxlaya bilirdi.
Ümumilikdə yüksək vətənpərvərlik ruhu aşılayan səhnə əsəri bir neçə saat ərzində bizə bir daha Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın tarix boyu erməni millətçilərinə qarşı qəhrəmancasına apardıqları mübarizə və ulu öndərimiz Heydər Əliyevin zamanında torpaqlarımıza qarşı qaldırılan iddiaları cəsarətlə dəf etməsi, nəhayət, Qarabağ tilsiminə gedən yolda barışmaz mövqeyi və mübarizəni yığcam, təsirli və ən əsası səmimi və gerçək boyalarla ifadə edə bildi.
Son olaraq səhnədə ümummilli liderin gələcək nəsillərə miras deyimlərindən birini İftixar Piriyev ustalığında səsləndirildi: “Azərbaycan xalqı heç vaxt yad torpaqlara göz dikməmişdir. Fəqət tarix boyu torpaqlarımızın böyük bir hissəsi təcavüzkarlar tərəfindən işğal olunmuşdur. Xalqımız itirilmiş torpaqlarımızı özünə qaytaracaq və ərazi bütövlüyünü mütləq bərpa edəcəkdir”. Salon gurultulu alqış və bu ifadəyə inamla silkələndi.

Həmidə Nizamiqızı