Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yanvar ayı repertuarı zəngindir. Yaradıcı heyət ayın 9-da Mark Kamolettinin “Ah, bu Anna”, 10-da Fyodor Dostoyevskinin “Karamazov qardaşları”, 11-də Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” tamaşalarını təqdim edəcək.
Yanvarın 13-də Oleq Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları”, 15-də Aleksandr Ostrovskinin “Qurdlar və qoyunlar” komediyaları göstəriləcək. Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış eyniadlı tamaşa yanvarın 16-da, İlyas Əfəndiyevin “Büllur sarayda” dramı 17-də nümayiş olunacaq.
Rusdilli tamaşaçılar yanvarın 18-də Semyon Zlotnikovun pyesi əsasında hazırlanmış “Ər arvadını atıb getdi” melodramına, 22-də U.Şekspirin “Yay gecəsində yuxu”, 23-də Pedro Kalderonun “Məhəbbətlə zarafat etmirlər” komediyalarına baxa bilərlər.
Yanvarın 24-də Andrey İvanovun “Adaxlı çağırmısınız, qızlar?”, 25-də Mixail Lermontovun “Maskarad”, 29-da Rey Kuninin “Həddindən artıq evli taksi sürücüsü” əsərləri oynanılacaq. Ceyms Ostinin “Qürur və qərəz” tamaşası yanvarın 30-da, Mixail Zadornovun “Ər almaq istəyirəm” komediyası ayın 31-də göstəriləcək.
Rus Dram Teatrının balaca tamaşaçılar üçün repertuarı da zəngindir. Vladimir Neverovun “Nağılı tap!-1” və “Nağılı tap!-2” tamaşaları yanvarın 10-da və 18-də nümayiş olunacaq. Uşaqlar Aleksandr Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ın tamaşasına yanvarın 11-də baxa bilərlər.
Yanvarın 17-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”, 24-də Valentina Reznikovanın “Durna balığının buyruğu ilə”, 25-də “Maşa və Ayı” tamaşası göstəriləcək. Aleksandra Nikuşina və Nadir Əzimovun “Güləbətin tikən qız və süpürgəçi” tamaşası yanvarın 31-də oynanılacaq.