Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2015-ci il yanvar repertuarında maraqlı tamaşalar yer alıb. Teatrın kollektivi yanvarın 10-da Elçinin “Buzovna kəndinin əhvalatları”, 11-də C.Cabbarlının “Aydın”, 17-də Ə.Əmirlinin “Hasarın o üzü” tamaşalarını göstərəcək. İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası yanvarın 18-də, T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası yanvarın 20-də nümayiş olunacaq.
Teatrın kiçik səhnəsində yanvarın 21-də P.Filipponun “Don Raffael trambonçu” tamaşası göstəriləcək.
Tamaşaçılar yanvarın 24-də M.F.Axundzadənin “Hacı Qara” komediyasına, 25-də U.Şekspirin “III Riçard” tamaşasının premyerasına baxa bilərlər. Yanvarın 28-dən 30-dək sənət ocağında Gənclərin III Ümumrespublika Teatr Festivalı keçiriləcək. H.Cavidin “Şeyx Sənan” tamaşası yanvarın 31-də göstəriləcək.
Gənc Tamaşaçılar Teatrı repertuarında uşaqları yaddan çıxarmayıb. Balaca tamaşaçılar yanvarın 10-da “Qoğalın nağılı”na, 11-də “Qaraca qız” tamaşasına, 17-də “Ələddinin sehrli çırağı” ərəb xalq nağılına baxa bilərlər. Yanvarın 18-də B.Marvinin “Yatmış gözəl”, 24-də A.Şaiqin “Danışan gəlincik”, 25-də M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşaları göstəriləcək. Dilsuzun “Əlincə qalası” isə yanvarın 31-də nümayiş olunacaq.