Qax Dövlət Kukla Teatrı hər il məktəblilərin qış tətili günlərində uşaqları maraqlı bayram proqramı ilə sevindirir. Teatrın yaradıcı kollektivi ənənəyə sadiq qalaraq, bu dəfə də Yeni il münasibətilə uşaqlara xoş bayram ovqatı bəxş edib. Teatrda yanvarın 1-dən 5-dək təqdim olunan bayram tamaşasında əvvəlcə Şaxta baba və Qar qız uşaqları Yeni ilin gəlişi münasibətilə təbrik edib, onlara bayram hədiyyələri paylayıblar. Şən klounlar gülməli çıxışları ilə balacaları əyləndiriblər.
Sonra uşaqlar fransız yazıçısı Şarl Peronun eyniadlı nağılı əsasında səhnələşdirilmiş “Qırmızıpapaq” tamaşasına baxıblar. Tamaşanın quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Əmrah Məmmədovdur. Rolları teatrın aktyorları ifa ediblər.