Tarixi yazmaq, yoxsa onu yaratmaq? Əslində hər ikisi müşkül, şərəfli və məsuliyyətlidir. Əgər hər ikisinin - yaradanla yazanın əsas qayəsi xalq olsa, tarixi yazan tarixi yaradan simaya nə yuxarıdan, nə da itaətkarcasına baxar. Çünki hər kəsin - cahil və ya alim, qəhrəman və qorxaq kimi min halətə düşmək, etdiyi səhvin cəzasını çəkmək məqamı var...

Dekabrın 24-də Akademik Milli Dram Teatrında yazıçı-publisist Yunus Oğuzun eyniadlı əsəri əsasında hazırlanmış “Nadir şah” tamaşasının premyerası keçirildi. Tamaşada Əfşarların dünya tarixinə verdiyi Nadir şah tam başqa məziyyətləri ilə, bir insanın dramatizmində açılır. Daha doğrusu, onun daim içində boğuşub sonunda məğlub olduğu insanla dueli özünün mücərrəd səhnə həllində təsirini göstərə bildi. Mövzuya yanaşmadan rejissor yozumundakı təzadlı məqamlaradək yeni bir Nadir şah görə bildik.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru Əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır. Döyüş səhnələrinə Əməkdar artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş verib.
Tamaşada tarixi simaya yanaşma bir az fərqli olsa da, mahiyyət eyni idi - Nadir şahın şəxsindəki detalları açmaq və beləcə onun qüsurlarına tarixin süzgəcindən keçməklə haqq qazandırmaq. Deməli, tarixin bağışlamadığı Nadir şahı, onun bir çox məqamları ilə müzakirə və mühakimə olunan hökmranlıq dövrünə daha bir vizual yanaşmanı gördük: Nadir şah personaj olaraq maraqlı və daim diri görünəcək qədər həyəcanvericidir. Fikrimcə, Yunus Oğuzun “Nadir şah”ı daha səmimidir, anlaşılandır və həm də ittiham olunacaq tipajdır. İkihissəli dramatik xronika vasitəsilə biz bu həqiqətlə bir daha tanış olduq.
Rejissorun dramatik xronika kimi müəyyənləşdirdiyi və buna rəğmən ağır vurğulardan uzaq tuta bilmədiyi tamaşada qəhrəmanın keçmişi, yaşamı, münasibətləri, tarixi proseslər fonunda məsələlərə münasibətindəki uyarsızlıq öz əksini tapsa da, Nadirin şahlıq dövrü əsas başlanğıc nöqtəsi kimi götürüldüyündən tamaşaçı şəxsiyyətin fonunda dəyişən tarixi prosesləri izləmiş oldu. Rejissor bir qədər tarixi-xronoloji, bir qədər də tərənnümçüsü olduğu psixosof poetikasından çıxış edərək özünəməxsus şəkildə obrazların daha çox daxili aləminə varmaqla tamaşaçıya onların psixologizmini və ruh halını göstərməyə çalışmışdı. Bu mənada onun istəyinə tam nail olduğunu demək çətin olsa da, hər halda müəyyən ştamplaşmış aktyor oyunundan qaçışlar maraq doğurur.
Bir qədər də rejissorun Nadir şahı fərqli təqdimat cəhdinə yönələk. O daha çox şahın nəhəngliyi, qüdrəti fonunda onun əxlaqi dəyərlərini, səmimiyyətini, həssaslığını, verdiyi qərarlara münasibətdə özünə qarşı daxili mühakiməsini də unutmamış, onu bizə məhz bu kontekstdə təqdim etməyə çalışmışdı. Bu nüans aktyorların, Nadirin tərəf-müqabillərinin də oyununa sirayət etdiyindən ümumilikdə səmimi ab-hava yaratmışdı.
Buna müsbət təsir edən məqamlardan biri - aktyorların səhnə maneralarını asanlaşdıran tərtibat və mizanlar da xüsusi qeyd olunmalıdır. Məsələn, səhnədə qurulmuş konstruksiya (quruluşçu rəssam İlham Elxanoğlu) bir neçə funksiyanı yerinə yetirdiyindən tamaşaçı tarixi proseslər fonunda əslində müəyyən detalların dəyişkənliyi ilə dövrün sarayları, onların əyanları, geyim tərzi və ümumi komponentləri ilə tanış olurdusa, aktyor da əlavə səhnə yükündən azad olmaq imkanı qazanırdı. Bu, təqdirəlayiq haldır. Çünki detalçılıq və ümumi fonu ağırlaşdıran elementlər tamaşaçının diqqətini dağıtmaqdan başqa işə yaramır. Rəssamın verdiyi tərtibat rejissorun qəhrəmanında göstərməyə çalışdığı qayəyə - onun taxta gedən yolundan tərki-dünyalıq ştrixlərinədək (Nadirin özünü mühakimə və xəyal aləminə səyahətinə irəli sıçrayışlarındakı pilləli konstruksiya baxımlı idi) harmoniyaya nail olunmuşdu.
Aktyor oyununa gəlincə, Xalq artisti Ramiz Novruzun Nadir şahı təmkinli, soyuqqanlı görsənməyə çalışsa da, daxilən fırtınalarla didişən, hakimiyyət yükünün ağırlığını hiss edən və bunların fonunda həm də emosiyaları ilə çarpışan şahdır. Onun ifasında biz taxta çıxmağa məcbur edilmiş və taxt-tacın təsiri ilə dəyişməyə məhkum bir insanı görürük. Yəni, əslində döyüşçü ruhundakı sadə cəngavər siyasət meydanına atıldıqda belə onun çirkabından, qonşu dövlətlərin məkrli əyanlarının təkliflərindən, eləcə də ətrafındakı, oğlu da daxil olmaqla taxtına göz dikən “məlun” dediyi kəslərin fitnə-fəsadından arınmaq üçün özünü mübarizəyə həsr edən acınacaqlı bir hökmdardır. Buna görə də o, daim iztirablar içindədir. Verdiyi qərarlar, atdığı addımlar artıq yanlış-doğru mühakiməsindədir. Oğlu Rzaqulunun və hətta sui-qəsdçinin gözlərini çıxartdırarkən aktyorun gözlərindəki iztirab, çıxardığı hökmə görə sonradan faciəsinə yol açacaq ətrafına münasibəti oyunun səmimiyyətini və inandırıcılığını gözlər önünə sərdi. Ramiz Novruzun aktyor portretində heç bir zaman gizlənə bilməyən çılğın səmimiyyət, belə demək mümkünsə, dəliqanlılığı onu Nadir şahın sadəliyinə daha da yaxınlaşdırır, həmçinin quldurluqdan taxta ucalan insanın dünənindən qopma mümkünsüzlüyünü izah edirdi.
Şahzadə Rzaqulunu canlandıran Hikmət Rəhimova gəlincə, o, yenə uğurlu oyununda idi. Tipaj olaraq içinə qapanıq, verdiyi qərarların məsuliyyətini dərk etməyən ambisiyasız qəhrəman bu dəfə də aktyor oyununa yata bilmişdi. Onun oyun üslubunda Rzaqulu hiyləgər, soyuqqanlı, ovunu tələyə salmağa tələsən və həm də səhvlərinin qurbanı olan birini görürük. O həm də qəddardır. Hakimiyyət üçün arvadı Fatimə Soltan bəyimi (Könül Cəfərzadə), onun qardaşı Təhmasibi və uşaqlarını öldürən Rzaqulu atasına - Nadir şaha da sui-qəsddən çəkinməyəcək qədər amansızdır. Lakin sui-qəsdçinin ələ keçməsi və tanınması nəticəsində Rzaqulu ifşa olunur və gözləri çıxarılır. Bundan sonra isə o, yazıq bir qurbana çevrilərək öz faciəsində çırpınır.
Bir məqamı vurğulamaq istərdim. Rejissor daha çox işlədiyi, oyununa bələd olduğu aktyorlara üstünlük versə də (bir aktyorun bir neçə obrazı canlandırması buna əyani sübutdur), bu o qədər də effektli alınmayıb. Əlbəttə, tarixi-xronoloji tamaşalarda belə hallara təsadüf olunur. Məsələn, bəzi aktyorlar müxtəlif rollarda eyni səs tonu ilə danışır, oxşar maneralar edir və hətta eyni oyun tərzindən qaça bilmirlər. Yəni dəyişən sanki qəhrəman-personajlar deyil, sadəcə qrim və geyimdir.
Elə götürək istedadına şübhə olmayan Əməkdar artist Vidadi Həsənovun oynadığı obrazları. Tamaşada I Mahmud, Moğol şahı Məhəmməd Şahın vəziri Səadət xan, Əmir Teymur və Əbül Feyz rollarında çıxış edən aktyorun ifa çətinliklərini. O, istəsə də, bəzən qəhrəmanları arasındakı gəzişmələrdə eyniyyətdən yayına bilmirdi.
Tamaşada hakim atalıq, münəccim, Leyli Əbdül Əfəndi və Rusiya elçisi Qolitsın rollarını ifa edən Əməkdar artist İlham Hüseynov isə müxtəlif xarakterlərə daxil ola bilməyərək sadəcə stabil oyun tərzini saxlamağı bacardı. Nizamül-mülk, Təhmasib xan Cəlayir və Qızlar ağanı canlandıran Əməkdar artist Elşən Rüstəmovun oyunu isə səmimi idi. Onun Təhmasib xanı soyuqqanlı, Nizamül-mülkü sülh, əmin-amanlıq yolunda çalışan bir qəhrəmandır. Moğol hökmdarı Məhəmməd şahı canlandıran Oqtay Mehdiyev isə əhli-kef qəhrəmanını bir az sönük, süni, xüsusən əyyaş hökmdar ruhuna səthi baxışla təqdim edə bildi.
Tamaşada az-az gördüyümüz gənclərin də ifası baxımlı idi. Bu mənada Şamil İbrahimov (Nəsrullah), Elgün Həmidov (Dauran xan), Vüqar Hacıyev (Məhəmmədxan Türkman, Miyanqala sərkərdəsi), Könül Cəfərzadə (Fatimə Soltan bəyim) tamaşaçının yadında qala bildilər.

Həmidə Nizamiqızı