Xalq artisti, Prezident təqaüdçüsü, «Şöhrət» ordenli rejissor Cənnət Səlimova 75 illik yubileyi, Şəki Dövlət Dram Teatrının aktyorları Xanlar Həşimzadə və Oqtay Əhmədov 60 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təltif ediliblər.
Cənnət Səlimova Azərbaycan Dövlət Rus Dram, Bakı Kamera, Dövlət Musiqili Teatrı, Opera və Balet, Gənc Tamaşaçılar teatrlarında müxtəlif tamaşalara quruluş verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
Xanlar Həşimzadə Şəki Dövlət Dram Teatrında M.F.Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", C.Məmmədquluzadənin "Dəli yığıncağı", H.Cavidin "İblis" və digər əsərlərdə oynadığı rollarla tamaşaçı rəğbəti qazanıb.
Şəki Dövlət Dram Teatrının digər aktyoru Oqtay Əhmədov U.Şekspirin "Romeo və Cülyetta", B.Brextin "Arturo Uinin karyerası" və s. səhnə əsərlərində maraqlı obrazlar yaradıb.