Qusar Dövlət Ləzgi Dram Teatrında 2015-ci ilin ilk tamaşasının premyerası olub. Kollektiv yerli dramaturq Etibar Sudurlunun “Buba” adlı pyesi əsasında hazırlanan tamaşa ilə sənətsevərin görüşünə gəlib.
Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, 30-dan çox aktyorun yer aldığı səhnə əsərinin ərsəyə gəlməsi üçün kollektiv üç ay gərgin məşqlər keçib. Ləzgi dilində təqdim olunan tamaşada gənc oğlan və qız arasındakı ülvi məhəbbətdən, onların birlikdə olmaq üçün apardıqları mübarizədən bəhs olunur.
Qusar Mədəniyyət Sarayında təqdim olunan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb. Teatrın kollektivi qarşıdakı günlərdə yeni tamaşanı kənd klublarında da tamaşaçılara təqdim edəcək.