Yaradıcılıq fəaliyyətində maarifləndirmə işinə hər zaman önəm verən Bakı Uşaq Teatrı paytaxtın Suraxanı, Sabunçu, Nizami, Xətai, Xəzər, Yasamal, Qaradağ, Binəqədi, Nərimanov, Nəsimi rayonlarında Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Həyatla oyun” tamaşasını təqdim edib. Tamaşanın nümayişindən sonra izləyicilərlə fikir mübadiləsi aparılıb. Qeyd olunan rayonların gənclər və idman idarələrinin, icra hakimiyyətlərinin nümayəndələri narkomaniyanın və QİÇS-in sosial fəlakətləri barədə söz açıblar.
Gənclər və İdman Nazirliyinin 2012-ci ildən davam edən "Sağlam həyat tərzi" layihəsi çərçivəsində Bakı Uşaq Teatrının "Həyatla oyun" tamaşası 50-dək rayonda, 30-dan çox ali və orta ixtisas məktəbində nümayiş olunub. Tamaşanın Səbail, Abşeron rayonlarında və Sumqayıt şəhərində nümayişi planlaşdırılıb. Mart ayının ilk həftəsində isə teatr “Həyatla oyun” tamaşası ilə 7 rayonda qastrol səfərində olacaq.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin sifarişi ilə Arzu Soltanın qələmə aldığı əsərə İntiqam Soltan quruluş verib. Narkomaniyaya aludəçiliyin acı nəticələrindən bəhs edən əsərdə hadisələr bir qrup tələbə arasında cərəyan edir.