Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissoru Alik Teymur oğlu Usubov Azərbaycan musiqi və teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 80 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Zəngin yaradıcılıq bioqrafiyasına malik olan A.Usubov 1978-1980-ci illərdə "Azkonsert" Birliyinin bədii rəhbəri olub. 1980-1983-cü illərdə Rusiyanın Omsk Vilayəti Dövlət Musiqili Teatrının təməlini qoyub. 1983-cü ildə sənətçi vətənə qayıdıb, 1994-cü ilədək Opera və Balet Teatrında baş rejissor vəzifəsində çalışıb.
1994-cü ildə Omsk vilayəti rəhbərliyinin dəvəti ilə A.Usubov Omsk Dövlət Filarmoniyasına bədii rəhbər təyin olunub, 6 il müddətində "Rusiyanın qəlbi” beynəlxalq festivalının təşkilatçısı və quruluşçu rejissoru kimi fəaliyyət göstərib. 1997-2000-ci illərdə sənətçi "Sibir" regionlararası milli mədəniyyət birliyinin baş direktoru və bədii rəhbəri olub. 2000-ci ildən A.Usubov Omsk Dövlət Universitetinin incəsənət və mədəniyyət fakültəsinin professorudur.