Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operası 2015-2016-cı illərin opera mövsümündə Türkiyədə Dövlət Opera və Balet Teatrları (TDOBT) tərəfindən səhnələşdiriləcək.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, artıq TDOBT “Koroğlu”nu repertuarına daxil etmək barədə qərar qəbul edib. Opera Türkiyənin Mersin Dövlət Opera və Balet Teatrında azərbaycanlı rejissor, professor Əflatun Nemətzadə tərəfindən səhnəyə qoyulacaq.
“Koroğlu”nun qardaş ölkədə səhnələşdirilməsi Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun Türkiyə Dövlət Opera və Balet Teatrlarının baş direktoru Salman Ada ilə görüşündə müzakirə olunub.
Qeyd edək ki, Türkiyə Dövlət Opera və Balet Teatrlarının baş direktoru Salman Ada tanınmış bəstəkar və dirijordur. O, musiqi təhsilini Parisdə alıb, gənc opera dirijoru olaraq dünya şöhrətli mərhum dirijorumuz Niyazinin İstanbulda assistenti olub.
Hazırda Ankara, İstanbul, Samsun, Mersin, Antalya və İzmir şəhərlərində olmaqla Türkiyədə 6 opera və balet teatrı fəaliyyət göstərir. TDOBT-nin baş direktoru Türkiyə sənət aləmində Azərbaycan operalarına böyük maraq olduğunu bildirib.
Gələcəkdə “Koroğlu” operasının tamaşasının TÜRKSOY xətti ilə beynəlxalq səhnələrə çıxarılması planlaşdırılır.